İDMAN
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti iyulun 8-də Tokioya gələcək
Tokio, 1 iyul, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax iyulun 8-də Oyunların başlamasına iki həftə qalmış Tokioya gələcək.
AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 30-da NHK telekanalı məlumat yayıb. Bildirilir ki, BOK prezidentinin rəsmi səfər proqramına iyulun 12-də start veriləcək. İyulun 16-da isə T.Bax atom bombardmanının böyük zərər vurduğu Hiroşima şəhərinə səfər edəcək. Hazırda Tokioda səfərdə olan BOK prezidentinin müavini Con Kouts isə həmin gün Yaponiyanın atom bombardmanına məruz qalmış ikinci şəhəri Naqasakiyə səfər edəcək.
Qeyd edilir ki, BOK rəhbərlərinin həmin şəhərlərə səfəri cari Olimpiya Oyunları ilə əlaqədar barışığın başladığı gün ilə üst-üstə düşəcək. Cari Olimpiya barışığının iyulun 16-dan sentyabrın 12-dək davam edəcəyi bildirilir. İdman yarışları zamanı sülhün elan edilməsi ənənəsi qədim Yunanıstanda eramızdan əvvəl VIII əsrdə meydana gəlib. Bu idmançılara yarış yerinə təhlükəsiz çatmaq və sonra geri dönmək imkanı yaradırdı. Olimpiya barışığı barədə ilk çağırış BOK tərəfindən 1992-ci ildə irəli sürülüb. Bundan bir il sonra həmin təşəbbüs BMT tərəfindən də dəstəklənib və bu barədə xüsusi qətnamə qəbul edilib.
Xatırladaq ki, ötən il iyulun 24-dən avqustun 9-dək keçirilməsi nəzərdə tutulan Tokio Olimpiadası koronavirus pandemiyasına görə bir il müddətinə təxirə salınıb. Tokio Yay Olimpiya Oyunlarının iyulun 23-də başlayacağı və avqustun 8-də başa çatacağı nəzərdə tutulub.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio