CƏMİYYƏT


Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları xarici ölkələrin prokurorluq orqanları və nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 170-dən çox dövlətin üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığı davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Norveçin paytaxtı Osloda Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 47-ci iclası keçirilib. Tədbirdə ölkəmizi Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü və təşkilatın vitse-prezidenti Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Tədbir zamanı Assosiasiyanın İcraiyyə Komitəsinə yeni üzvlərin qəbulu həyata keçirilib, dünya prokurorlarının fəaliyyətlərini təkmilləşdirmək məqsədi daşıyan bir sıra təşkilati məsələlər, həmçinin qurumun fəaliyyətinin təşkili üçün zəruri olan bir sıra hesabat və sənədlər, o cümlədən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti ilə əlaqələri tənzimləyən normativ sənədin qəbulu, Assosiasiyanın Hərbi Prokurorlar Şəbəkəsi ilə Beynəlxalq Hərbi Hüquq Cəmiyyəti arasında Anlaşma Memorandumunun imzalanmasına dair müzakirələr aparılıb. Bundan əlavə, təşkilatın prezidentliyinə Koreya Respublikasının Busan vilayətinin baş prokuroru Çeol-Kyu Hvanqın namizədliyinin irəli sürülməsi barədə qərar qəbul olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev ölkəmizdə cinayət qanunvericiliyinin dekriminallaşdırılması və liberallaşdırılması, məhkəmə-hüquq sistemində şəffaflığın təmin edilməsi istiqamətlərində Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq həyata keçirilən genişmiqyaslı islahatlar, həmçinin korrupsiyaya qarşı qətiyyətli mübarizə tədbirləri barədə iştirakçılara ətraflı məlumat verib.

İclasda çıxış edən qurumun İcraiyyə Komitəsinin və Katibliyinin rəhbər şəxsləri Azərbaycanın Assosiasiyanın işinə verdiyi önəmli töhfələri və onun fəaliyyətində göstərdiyi təşəbbüskarlıq və mühüm dəstəyini xüsusi vurğulayıb, ölkəmizlə əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə bir sıra ölkələrin təmsilçiləri arasında ikitərəfli görüşlər keçirilib, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

İclasda İcraiyyə Komitəsinin növbəti - 48-ci iclasının və Assosiasiyanın 24-cü İllik Konfransının 2019-cu ilin sentyabrında Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilməsi qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.