CƏMİYYƏT
Beynəlxalq Qadınlar Günü Qaradağda da qeyd olunub
Bakı, 7 mart, AZƏRTAC
Qaradağ rayonunda 8 Mart- Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Qaradağ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tədbirdə iştirak edən bütün xanımları təbrik edib. Bildirilib ki, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı tarixboyu vətənimizdə həmişə uca tutulub, Azərbaycan qadını bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Azərbaycanda qadına – anaya daim böyük ehtiram və hörmət bəslənib, ana həmişə müqəddəs olub, namus, qeyrət rəmzi sayılıb. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini – gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərib. Müasir dövrümüzdə Azərbaycan qadını ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan bir varlıqdır.
Bu gün Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva bütün dünyaya sübut edir ki, Azərbaycan qadını həm gözəl ana, həm də fəal ictimai xadim ola bilər. Ölkə həyatının bütün sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir. Bütün bunların təməlində isə Ümummilli Liderin uzaqgörən siyasətinin bu gün Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir.
Daha sonra rayonun ictimai-siyasi həyatında öz fəallığı ilə fərqlənən xanımlar fəxri fərmanlar və dəyərli hədiyyələr ilə mükafatlandırılıblar.