CƏMİYYƏT
Beynəlxalq Qadınlar Günü Yasamal rayonunda qeyd olunub
Bakı, 6 mart, AZƏRTAC
Yasamal Rayon İcra Hakimiyyətinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Yasamal rayon təşkilatının dəstəyi ilə 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bayram münasibətilə qadınları təbrik edib. Bildirib ki, bəşəriyyətin ən istedadlı, zəngin mədəniyyətə malik xalqlarından olan Azərbaycan xalqı şanlı mübarizə yolu keçərək, bu gün dünyada misilsiz nailiyyətləri ilə tanınır, gündən-günə nüfuzu artır. Nailiyyətlərin əldə edilməsində Azərbaycanın mərd və fədakar qadınlarının böyük rolu var. Ulu öndər Heydər Əliyevin sözləri ilə desək, “Azərbaycan qadını tarixboyu ağlı, zəkası, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə millətinə, torpağına olan hədsiz məhəbbəti ilə tanınmışdır”.
İcra başçısı Əziz Əzizov qeyd edib ki, Ulu Öndərin müdrik ənənələri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə davam etdirilir və bu gün qadın siyasəti dövlət siyasətinin tərkib hissəsidir. Azərbaycanda qadın və ailə problemlərinin həlli, ana və uşaq sağlamlığının qorunması, uşaqların təhsili və tərbiyəsi sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində qazanılmış uğurlarda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın misilsiz xidmətləri var. Onun ölkə daxilində və beynəlxalq aləmdə humanist məqsədlərə xidmət edən çoxşaxəli fəaliyyəti Azərbaycan qadınının adını yüksəldir. Şərqdə ilk dəfə səsvermə hüququ qazanmış Azərbaycan qadını bu gün ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edir. Hər il Beynəlxalq Qadınlar Günü ərəfəsində respublikamızın ictimai həyatında və öz fəaliyyət sahələrində fərqlənən qadınlar yüksək dövlət mükafatları və fəxri adlarla təltif olunur.
Tədbirdə Yasamal Rayon İcra Hakimiyyəti aparatında və elm, təhsil, səhiyyə və digər sahələrdə çalışan fəal qadınlara hədiyyələr və fəxri fərmanlar təqdim olunub.
Bayram tədbiri incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.