SİYASƏT


Beynəlxalq Qırmızı Xaç Komitəsi humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından biridir

Bakı, 26 fevral, AZƏRTAC

BMT-nin İnsan Hüquqları Şurasının 40-cı sessiyasında iştirakı çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Piter Maurer ilə görüşüb.

Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan ilə BQXK arasındakı münasibətlərin hazırkı vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparılıb, tərəflər arasında uğurlu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə ümid ifadə edilib. Nazir Elmar Məmmədyarov BQXK-nın humanitar sahədə Azərbaycanın əsas tərəfdaşlarından olduğunu qeyd edərək, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində BQXK-nın fəaliyyətinin Azərbaycan tərəfindən müsbət qiymətləndirildiyini diqqətə çatdırıb.

Xarici işlər naziri həmsöhbətinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların mövcud vəziyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan nəticəyönümlü danışıqların tərəfdarıdır və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT sənədlərinə uyğun olaraq yalnız Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllini tapa bilər.

Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün humanitar aspektlərinə toxunaraq 2014-cü ildə öz doğma torpaqlarını ziyarət edən zaman Ermənistan tərəfindən qanunsuz olaraq girov götürülmüş Şahbaz Quliyev və Dilqəm Əsgərovun azad edilməsinin vacibliyini ön plana çəkib. Eyni zamanda, nazir Elmar Məmmədyarov Ermənistanın beynəlxalq humanitar hüquq, xüsusilə də 1949-cu il Cenevrə konvensiyaları əsasında üzərinə götürdüyü öhdəliklərini kobud şəkildə pozduğunu vurğulayaraq BQXK-nın işğalçı ölkənin bu hərəkətlərinə lazımi qiymət verməsinin vacibliyini ön plana çəkib.

Piter Maurer verilmiş məlumatlara görə təşəkkürünü bildirərək, humanitar sahədə əməkdaşlığın və münaqişənin həlli kontekstində müvafiq layihələrin davam etdiriləcəyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov BQXK prezidentini Qoşulmama Hərəkatının üzv ölkələrin dövlət və hökumət başçılarının oktyabrın 25-26-da Bakıda keçiriləcək XVIII Zirvə Toplantısına dəvət edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.