DÜNYA
Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti İsveçrənin Miqrasiya Paktına qoşulmama ehtimalını tənqid edib
Cenevrə, 28 noyabr, AZƏRTAC
Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer İsveçrənin BMT-nin Miqrasiya Paktına qoşulmama ehtimalını tənqid edib.
AZƏRTAC xəbər verir ki, “Neue Zürcher Zeitung” qəzetinə müsahibəsində P.Maurer Pakta qoşulmamaq istiqamətində gedən ölkədaxili müzakirələri anlamadığını bildirib. O, dünyanın aparıcı humanitar təşkilatlarının mənzil-qərargahının yerləşdiyi bir ölkənin Miqrasiya Paktına qoşulmamasını olduqca qəribə hadisə adlandırıb.
Beynəlxalq təşkilatın rəhbəri, həmçinin əvvəlcə paktın mətnini razılaşdırıb, sonra onu imzalamaqdan imtina edən dövlətləri tənqid edib. O qeyd edib ki, bu kimi sənədlər siyasətçilər tərəfindən bağlı qapılar arxasında hazırlanıb qəfildən ictimaiyyətə təqdim edilən gizli müqavilə deyil, BMT-nin Miqrasiya Paktı təxminən üç il ərzində tam şəffaf şəkildə müzakirələr nəticəsində razılaşdırılıb. Əgər hansısa dövlətin həmin müzakirələr zamanı etirazları olmuşdusa, bunu həmin vaxt rahatlıqla təqdim edə bilərdi.
Müsahibədə, həmçinin qeyd edilib ki, bu sənəddə söhbət müasir dövrümüzün ən təcili problemlərinin həlli üçün ümumi yanaşmanı əks etdirir. Bütün dövlətlərə məlumdur ki, bu problemlərin həlli yalnız multikultural müstəvidə uğurla həll edilə bilər.
Qeyd edək ki, hazırda İsveçrə hökuməti BMT-nin Miqrasiya Paktına qoşulmaq məsələsini dondurub. Ölkə əhalisinin 46 faizi pakta qoşulmağın əleyhinə olsa da, 41 faiz paktı dəstəkləyib. Mövqelərin bu qədər yaxın olması federal hökuməti çətin seçim qarşısında qoyub.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Cenevrə