ELM VƏ TƏHSİL
Beynəlxalq Qiymətləndirmə Düşərgəsi davam edir
Bakı, 29 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı Lənkəran şəhərində təşkil olunan Beynəlxalq Qiymətləndirmə Düşərgəsi davam edir.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, düşərgənin 2-ci günündə müəllimlər Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmə tədqiqatları barədə ətraflı məlumat alır, tədqiqat metodologiyaları və nümunə suallarla tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bilik və bacarıqlarını müəyyənləşdirən tapşırıq nümunələri hazırlayır və onların məktəbdaxili qiymətləndirmədə rolunu müzakirə edirlər. Əlavə olaraq, müəllimlər şagirdlərin kompüter və informasiya bacarıqlarının araşdırılması və bu bacarıqların təhsil prosesində istifadəsinə dair ətraflı məlumatlandırılırlar.
İyulun 30-dək davam edəcək düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, onların qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində iştirakını təmin etməkdir. Düşərgəyə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 35 müəllim qatılıb. Sonda iştirakçılara sertifikat veriləcək.