ELM VƏ TƏHSİL
Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib
Bakı, 28 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Lənkəran-Astara Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə iyulun 28-də Lənkəran şəhərində Beynəlxalq Qiymətləndirmə Düşərgəsinə start verilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, düşərgənin əsas məqsədi təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaq, onların qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində iştirakını təmin etməkdir. Düşərgəyə Lənkəran-Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərindən 35 müəllim qatılıb. Onlar Azərbaycanın iştirak etdiyi beynəlxalq qiymətləndirmələr, tədqiqat metodologiyaları və nümunə sualları ilə tanış olurlar. İştirakçılar şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat əldə edirlər.
Qeyd edək ki, Beynəlxalq Qiymətləndirmə Düşərgəsi iyulun 30-na kimi davam edəcək. Sonda iştirakçılara sertifikat veriləcək.