İQTİSADİYYAT


Beynəlxalq Qiymətləndirmə Standartları Şurası Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini tamhüquqlu üzv qəbul etməyə hazırdır

Tbilisi, 10 noyabr, AZƏRTAC

Beynəlxalq Qiymətləndirmə Standartları Şurası (BQSŞ) Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini (AQC) tamhüquqlu üzv qəbul etməyə hazırdır və bu istiqamətdə görülən işləri yekunlaşdırmaq üçün zəruri dəstəyi verəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın paytaxtı Tbilisidə Şuranın "Standartların tətbiqi və üzvlüyün qeydiyyatı üzrə" İdarə Heyətinin üzvü Corc Badesku AQC-ni təmsil edən nümayəndələrlə görüşü zamanı bəyan edib.

C.Badesku qeyd edib ki, Şuraya tamhüquqlu üzv olmaq Azərbaycan qiymətləndiricilərinin Beynəlxalq Qiymətləndirmə Standartlarının (BQS) tələblərinə uyğun fəaliyyətində əhəmiyyətli rol oynayacaq. Həmçinin qiymətləndiricilərin həyata keçirdikləri fəaliyyəti monitorinq etmək hüququna malik olacaq və yerli mütəxəssislərin beynəlxalq bazarda işləmələrinə şərait yaradacaq.

AQC-nin sədri Nüsrət İbrahimov bildirib ki, Azərbaycan qiymətləndiricilərinin peşəkarlığının artırılması üçün davamlı olaraq tədbirlər görülür və bu sahədə dövlət dəstəyinə də ehtiyac var: "BQSŞ cəmiyyətin qarşısında mühüm tələblər qoyur ki, bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranır. Həmçinin qiymətləndirici-ekspertlərin peşəkarlığının monitorinqi bu sahədə çatışmazlıqların aradan qaldırılmasına rəvac verəcək. Bu fəaliyyətlə məşğul olan şəxslərin hər il minimum 20 saat təlim-tədris keçməsi, imtahan verib sertifikat alması əsas şərtlər sırasındadır".

Bununla yanaşı, AQC sədri qiymətləndiricilərin həyata keçirdikləri layihələrin registrinin aparılması, işlərin monitorinqinin keçirilməsinin də əsas tələblər sırasında olduğunu bildirib və qeyd edib ki, nöqsan aşkarlandığı, xəbərdarlığın yenidən təkrarlandığı halda müəyyən sanksiyalar tətbiq edilə bilər.

"AQC gələcək fəaliyyətini Azərbaycan qiymətləndiricilərinin peşəkarlığının artırılması istiqamətində quracaq və bu sahədə hökumət orqanları ilə də əməkdaşlıq edəcək", - deyə N.İbrahimov diqqətə çatdırıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.