İDMAN


Beynəlxalq Qızıl Xaç Komitəsi UEFA Avropa Liqasının finalına həsr olunan azarkeş festivalında iştirak edir

Bakı, 27 may, AZƏRTAC

UEFA Avropa Liqasının final qarşılaşması ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunan azarkeş festivalında Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) də iştirak edir.

BQXK-nın ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, festivalda azarkeşlər müxtəlif proqram, qısa videolarla virtual reallıq vasitəsilə bütün dünyada münaqişə və digər zorakılıq hallarından əziyyət çəkən insanlara yardım edən humanitar təşkilat haqqında məlumat toplamaq imkanı qazanacaqlar. Final oyunu ilə əlaqədar qonaqlar möhtəşəm futbolla yanaşı, münaqişələrin nəticələri ilə yaşamaq məcburiyyətində qalan insanların hekayələrini də qısa videolar vasitəsilə izləyəcəklər.

Münaqişənin bir çox nəticələri ilə yanaşı, doğmaları itkin düşmüş ailələrin qeyri-müəyyən itki ilə yaşamaq məcburiyyəti də xüsusi qeyd olunmalıdır. İstər keçmiş, istərsə də yeni münaqişələr səbəbindən və ya digər zorakılıq halları nəticəsində bu gün dünyada yüz minlərlə itkin düşmüş insan var. Bu şəxslərin taleyi barədə heç bir məlumat yoxdur.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində regionda 25 mindən çox insan 4500-dən çox itkin düşmüş doğması haqqında məlumat almaq ümidi ilə yaşayır. Əzizlərinin taleyi barədə qeyri-müəyyənlik hissi ilə yaşanan 25 ildən çox müddət ailələrin sosial və psixoloji vəziyyətlərinə olduqca mənfi təsir göstərir. “... və beləcə yoxa çıxdılar, sanki heç vaxt olmayıblar. Hər dəfə qapı döyülən zaman elə bilirəm ki, onlar gəliblər”. Bu, iki oğlu 1992-ci ildə itkin düşmüş bir ananın sözləridir.

BQXK ailələrə doğmaları haqqında suallara cavab tapmaqda yardım etmək üçün aidiyyəti qurumlara itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması istiqamətində dəstək göstərir. Buna nail olmaq üçün həmin ailələrdən mövcud bütün məlumatların və bioloji istinad nümunələrinin toplanılıb saxlanılması ən vacib məqamlardan biridir. Bu gələcəkdə baş tuta biləcək eyniləşdirmənin həyata keçirilməsini təmin edəcək.

Beynəlxalq Qızıl Xaç Komitəsi, eyni zamanda, ailələrin ehtiyaclarını çoxsahəli fəaliyyətlər çərçivəsində ödəməyə çalışır. Neytral, qərəzsiz və müstəqil humanitar təşkilat olan BQXK-nin əsas məqsədi silahlı münaqişələr və digər zorakılıq hallarından əziyyət çəkən şəxslərin həyat və ləyaqətini qorumaqdan ibarətdir. Təşkilat Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ölkəmizdə 1992-ci ildən fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.