CƏMİYYƏT
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə FHN arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Bakı, 3 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyində (FHN) iyulun 3-də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Sinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov, Beynəlxalq Federasiyanın Avropa Regionu üzrə direktoru Simon Missiri, Azərbaycanın Cenevrədəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov, FHN-in, Beynəlxalq Federasiyanın və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin məsul şəxsləri iştirak ediblər.
Nazir müavini Faiq Tağızadə FHN-in fəaliyyətindən danışıb, görülmüş işlər, gələcək planlar barədə ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş şəxslərə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının yardımlarını minnətdarlıqla xatırladıb, yüksək səviyyəli əməkdaşlıqdan məmnunluğunu qeyd edib.
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının baş katibi Elhadj As Si Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə məsul olan FHN ilə təmsil etdiyi beynəlxalq təşkilat arasında səmərəli əməkdaşlığın əhəmiyyətindən söz açıb.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, Milli Məclisin deputatı Novruz Aslanov ölkəmizdə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində FHN ilə rəhbərlik etdiyi qurum arasında yüksək səviyyəli əməkdaşlığın olduğunu vurğulayıb.
Görüşdə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası ilə Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb. Həmçinin fəlakətlər zamanı qarşılıqlı fəaliyyətin təşkili, zərərçəkmişlərə psixoloji dəstək göstərilməsi və eyni zamanda, humanitar yardım sahəsində birgə əməkdaşlığa dair məsələlərdən söz açılıb. Gələcəkdə birgə təlimlərin keçirilməsinin, müştərək maarifləndirici proqramların reallaşdırılmasının vacibliyi də diqqətə çatdırılıb.