CƏMİYYƏT


Beynəlxalq Qızlar Günü ilə əlaqədar Dövlət Komitəsində fəal qızlarla görüş olub

Bakı, 7 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya çərçivəsində fəal qızlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə əhalinin həssas qruplarından olan (şəhid övladları, əlilliyi olan, valideyn himayəsindən məhrum, internat məktəblərində təhsil alan) qızlar da daxil olmaqla, ümumilikdə 13-17 yaşarası 22 nəfər iştirak edib.

Bahar Muradova görüş iştirakçılarına bu günün əhəmiyyətindən danışaraq Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin qızların təhsil alması üçün atdığı əhəmiyyətli addımlardan söz açıb. Bildirib ki, H.Z.Tağıyevin Bakıda açdığı ilk qızlar məktəbi ölkəmizdə qadınların ictimai-siyasi proseslərə qoşulmasına çox böyük töhfə verib. “Qızlar ən kiçik yaşlardan təhsilə cəlb olunmalıdırlar. Onlar cəmiyyətin inkişafında böyük rol oynayırlar”, - deyə B.Muradova qeyd edib.

“Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin aparıcı mütəxəssisi Zərifə Məmmədli bildirib ki, bu layihənin əsas məqsədi qızların inkişafı, təhsili, ixtisas seçimi və digər məsələlər ilə bağlı imkanların yaradılması üçün onların öz fikirlərini bildirmələrini, müzakirələrdə iştiraklarını təmin etməkdir.

Sonra tədbirdə iştirak edənlər qızların üzləşdiyi məişət problemləri barədə danışılıb, onların həlli istiqamətində dəstəyin vacibliyi vurğulanıb.

Sonda Bahar Muradova iştirakçılara tövsiyələrini verib, onların suallarını cavablandırıb.

Qeyd edək ki, kampaniya Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilir. Qızların erkən yaşlardan səlahiyyətləndirilməsi, onların özünəinam hissinin və ictimai fəallığının artırılması, eləcə də liderlik bacarıqlarının inkişafına xidmət edən kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.