REGİONLAR
Beynəlxalq Rəsm Festivalının iştirakçıları muxtar respublikanın tarix və mədəni abidələri ilə tanış olublar
Naxçıvan, 22 may, AZƏRTAC
Naxçıvanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Naxçıvan-bəşəriyyətin beşiyi” IV Beynəlxalq Rəsm Festivalı keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun, Mədəniyyət Nazirliyinin və Rəssamlar Birliyinin təşkilatçılığı ilə keçirilən festivalda 14 ölkədən 63 rəssam iştirak edir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, mayın 22-də qonaqlar əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüb, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Naxçıvan Dövlət Xalça Muzeyində olan festival iştirakçılarına bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Naxçıvan Dövlət Xalça Muzeyinin daimi ekspozisiyasında xovlu və xovsuz xalçalar, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, mis və saxsı qablar nümayiş etdirilir.
Sonra qonaqlar Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonuna gələrək ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan sərgiyə baxıblar. Sərgidə 35 rəssamın 100-ə yaxın əsəri nümayiş olunur. Sərgilənən əsərlər Beynəlxalq Rəsm Festivalı iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Naxçıvan Dövlət Tarix Muzeyi ilə tanışlıq zamanı məlumat verilib ki, burada Naxçıvanın qədim tarixi ilə bağlı 48 mindən çox eksponat qorunub saxlanılır. Ekspozisiyalar, əsasən qədim, orta əsrlər, yeni və müasir dövrü əhatə edir. On şöbədən ibarət olan muzeydə müxtəlif əmək alətləri, Paleolit və Neolit dövrlərinə aid əşyalar, dən daşları, obsidiandan lövhələr, daş çəkiclər, sümük bizlər, Naxçıvan ərazisində aşkarlanan mis və gümüş pullar, orta əsrlərin məşhur memarlarından olmuş Əcəmi Əbubəkr oğlu Naxçıvaninin inşa etdiyi möhtəşəm Möminə Xatın, Yusif Küseyir oğlu türbələrinə və başqa memarlıq abidələrinə dair şəkilli materiallar, xalçaçılıq, zərgərlik, misgərlik, dulusçuluq və nəqqaşlıq nümunələri, xalq ustalarının əl işləri sərgilənir.
Festival iştirakçıları Naxçıvan şəhərindəki Bəhruz Kəngərli adına Rəssamlar Parkına gələrək görkəmli rəssamın abidəsi önünə güllər düzüb, xatirə şəkli çəkdiriblər.
Sonra Bəhruz Kəngərli Muzeyində olan qonaqlara məlumat verilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılıb. 2002-ci il iyun ayının 18-də ümummilli liderimiz Heydər Əliyevin iştirakı ilə muzeyin açılışı olub. 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Bu Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasında da bir sıra işlər görülüb, Bəhruz Kəngərlinin Azərbaycan Milli İncəsənət Muzeyinin fondunda saxlanan bir çox əsərlərinin surəti çıxarılaraq Bəhruz Kəngərli Muzeyinə verilib, ilk dəfə olaraq rəssamın əsərlərinin tam külliyyatı albom-kataloq şəklində buraxılıb. Eyni zamanda, muxtar respublikada yubiley münasibətilə poçt markası buraxılıb, görkəmli rəssamın həyat və fəaliyyətinə həsr olunmuş sənədli film hazırlanıb. Həmçinin Bəhruz Kəngərli Muzeyinin yerləşdiyi bina yenidən qurularaq 2013-cü ildə istifadəyə verilib. Bu gün muzeydə realist rəssamın zəngin irsinə aid yüzlərlə eksponat mühafizə olunur.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn festival iştirakçılarına muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Kompleksin tərkibində olan Nuh Peyğəmbərin türbəsinə də maraqla baxan qonaqlara bildirilib ki, tarixdən silinmək üzrə olan türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən bərpa edilib. Vurğulanıb ki, qoca Şərqin qapısı Naxçıvan təkcə Azərbaycanın deyil, həm də dünyanın ən qədim yaşayış məskənlərindəndir. Nuh Peyğəmbər, Dünya tufanı və onun tərəfdarları ilə əlaqədar faktların Naxçıvanla bilavasitə bağlılığı isə bu torpağın qədimliyini bir daha sübut edir.
“Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi ilə tanışlıq zamanı qonaqlara bildirilib ki, ziyarətgahın adı ərəb dilindən tərcümədə “mağara sahibləri” mənasını verir. Müqəddəs Qurani-Kərimdə “Əl-Kəhf” surəsinin 9-27-ci ayələrində mağaraya sığınan 7 gəncin 300 ildən artıq yatmaqlarından, oyandıqdan sonra başlarına gələnlərdən bəhs edilir. Müqəddəs kitabda mövcud olan hadisə müəyyən dəyişikliklərlə Naxçıvandakı Əshabi-Kəhflə bağlı rəvayətlərdə də əksini tapıb. Adıçəkilən mağaranın Kiçik Asiya və ya Fələstin ərazisində, hətta dünyanın digər ölkələrində olduğu güman edilib. Ancaq son dövrlərdə aparılan araşdırmalar da sübut edir ki, həmin müqəddəs məkan məhz Naxçıvandadır.
Festival iştirakçıları Duzdağ Fizioterapiya Mərkəzi ilə də tanış olublar.