İQTİSADİYYAT
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Azərbaycanın İKT sahəsində əldə etdiyi nailiyyətlərlə tanış olub
Bakı, 13 sentyabr, AZƏRTAC
Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Cənubi Afrika Respublikasının Durban şəhərində keçirilən "ITU Telecom World" beynəlxalq sərgi-konfransı bu gün öz işini yekunlaşdırır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beynəlxalq sərgi-konfransda Azərbaycan rəsmi nümayəndə heyəti ilə təmsil olunur.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaş olduğu sərgidə ölkəmizə məxsus Milli Pavilyon fəaliyyət göstərir.
Ölkəmizdə İKT sahəsində əldə edilən nailiyyətlərin, innovativ xidmətlərin, tətbiqlər və həllərin nümayiş olunduğu Milli Pavilyona ziyarətçilər böyük maraq göstərirlər.
Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin ÇJao sərgini ziyarəti çərçivəsində Azərbaycanın Milli Pavilyonunda olub, təqdim olunan xidmət və layihələrlə maraqlanıb.
Nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ölkəmizdə İKT sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Azərbaycan startapçıları tərəfindən təqdim edilən həllər baş katibin diqqətini cəlb edib.