REGİONLAR


Beynəlxalq Tibbi Forumun iştirakçıları üçün qala gecəsi təşkil olunub

Naxçıvan, 19 iyun, AZƏRTAC

Birinci Beynəlxalq Tibbi Forumun ilk günü “Naxçıvan Saray” yeni xidmət kompleksində keçirilən möhtəşəm qala gecəsi ilə başa çatıb. 400-ə yaxın forum nümayəndəsinin iştirak etdiyi tədbirdə möhtəşəm konsert proqramı təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qala gecəsində Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev qonaqları salamlayıb, forumun əhəmiyyətini qeyd edib, hər kəsə xoş istirahət arzulayıb. Sonra forumun fəxri qonaqları üçün xatirə plaketi, Əməkdar incəsənət xadimləri üçün xatirə sertifikatı, müxtəlif hədiyyələr təqdim olunub.

Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyevanın, Tural Nəcəfovun, Mübariz Əsgərovun peşəkar ifaları, İncəsənət fakültəsinin tələbələrindən Rauf Bünyadzadə, Nuray Ağazadə, İsrafil Qibləliyevin səsləndirdiyi mahnılar, Həsən Həsənlini ifasında saz havası alqışlarla qarşılanıb, gecəyə xüsusi bayram ovqatı bəxş edib.

Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Endoskopik Laparoskopik Cərrahlar Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycan, ingilis və rus dillərində olmaqla, 3 dildə keçirilən forum Azərbaycan tibb tarixində təşkil edilən ilk tibbi forumdur. Dünyanın 7 ölkəsindən 350-dən artıq tibb sahəsi üzrə elm adamının bir araya toplaşdığı bu foruma 700-dən çox iştirakçı qatılıb. Beynəlxalq forumda ölkəmizin, eləcə də qardaş Türkiyə Respublikasının nüfuzlu ali təhsil ocaqlarının, Rusiya Vişnevskiy İnstitutu, Dağıstan Dövlət Tibb Universiteti, Özbəkistan Daşkənd Tibb Akademiyasının yüksək vəzifəli təmsilçiləri iştirak edirlər. Tədbir xarici ölkələrdə də maraqla qarşılanıb.

Beynəlxalq Tibbi Forumun informasiya dəstəkçiləri arasında AZƏRTAC da var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.