İQTİSADİYYAT


Beynəlxalq Ticarət Mərkəzi “Azexport” üzərindən Azərbaycan məhsullarının ABŞ bazarlarında satışına dəstək verə bilər

Bakı, 7 noyabr, AZƏRTAC

Beynəlxalq Ticarət Mərkəzi (ITC) “Azexport” portalı üzərindən Azərbaycan məhsullarının “Amazon” və “Ebay” vasitəsilə ABŞ bazarlarında satışına dəstək verə bilər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) AZƏRTAC-a bildiriblər ki, bu fikir Beynəlxalq Ticarət Mərkəzinin nümayəndə heyəti ilə keçirilən görüşdə səsləndirilib.

Nümayəndə heyəti ilə görüşən İİTKM-nin icraçı direktoru Vüsal Qasımlı son dövrlər Azərbaycanda aparılan iqtisadi islahatlar barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan “Azexport.az” portalı, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı birlikdə ekosistem yaradaraq e-ticarət, e-kommersiya və e-ödəniş sisteminin inkişafı üçün zəmindir: “Bu ekosistemin fəaliyyəti nəticəsində ölkədən qeyri-neft ixracı sadələşib, rəqəmsallaşıb və ixracın coğrafiyası və əmtəə tərkibi xeyli diversifikasiya olunub. İİTKM-nin yaratdığı ekosistem ixracatçılara sertifikatlaşdırma, nəqliyyat, logistika və gömrük prosedurlarının həyata keçirilməsində dəstək verir”.

Beynəlxalq Ticarət Mərkəzinin Şərqi Avropa və Mərkəzi Asiya bölməsinin rəhbəri Yelena Boutrimova Azərbaycanda kiçik və orta sahibkarlığa (KOS) göstərilən dəstəyin diqqətəlayiq olduğunu və İİTKM-in KOS-ların Avropa bazalarına çıxış imkanlarının artırılması istiqamətində addımlarını dəstəklədiklərini bildirib. Qeyd olunub ki, Beynəlxalq Ticarət Mərkəzi “Azexport” portalı üzərindən Azərbaycan məhsullarının “Amazon” və “Ebay” vasitəsilə ABŞ bazarlarında satışına dəstək verə bilər.

Müzakirələrin ardınca “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi ilə də tanış olan nümayəndə heyəti burada ixracatçılara yaradılan şəraitin yaxşı təcrübə olduğunu deyiblər.

Qeyd edək ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin fəaliyyətinin məqsədi ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsi istiqamətində makro və mikroiqtisadi səviyyədə təhlil və tədqiqatlar aparmaqla, analitik məlumatlar əsasında iqtisadi islahatların həyata keçirilməsi üçün təkliflər, habelə orta və uzunmüddətli dövr üçün proqnozlar hazırlamaqdan, dövlət orqanlarını və qurumlarını həmin proqnozlarla təmin etməkdən, həmçinin iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini təşkil etməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.