CƏMİYYƏT


Beynəlxalq Türk Akademiyasında Türkiyə Cümhuriyyətinin 95-ci ildönümü qeyd olunub

Astana, 30 oktyabr, AZƏRTAC

Astanada Beynəlxalq Türk Akademiyası (TWESCO) Türkiyə Cümhuriyyətinin quruluşunun 95 illik yubileyi münasibətilə bayram tədbiri və rəsmi qəbul keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirə Türkiyə, Azərbaycan, Monqolustanın Qazaxıstandakı səfirləri, diplomatik korpus nümayəndələri, türkoloqlar, media təmsilçiləri qatılıblar.

TWESCO prezidenti Darxan Kıdırəli Cümhuriyyət bayramının təkcə Türkiyənin deyil, bütün türk dünyasının tarixində ən önəmli hadisə olduğunu qeyd edib. Böyük dövlət xadimi Mustafa Çokayın Türkiyə səfərində yazdığı bir məqalədən sitat gətirən Akademiya rəhbəri onun “Türk olan hər kəsin iki vətəni var, biri doğulduğu yer, ikincisi Türkiyə” yazdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, Türkiyə Cümhuriyyəti qurulduğu gündən bəri, xüsusən türk dünyasının çətin dövrlərində böyük dəstək göstərib, müstəqillik qazandıqdan sonra türk inteqrasiyasının avanqardı rolunu oynayıb. Türkiyə həm də Beynəlxalq Türk Akademiyasının qurucu ölkələrindəndir. TWESCO Azərbaycan, Qazaxıstan, Qırğızıstan kimi təşkilatın qurucu üzvlərinin milli bayramlarını, Müstəqillik gününü bundan sonra da ənənəvi şəkildə qeyd edəcək.

Türkiyənin Astanadakı səfiri Nevzat Uyanık isə Cümhuriyyət bayramının 95-ci ildönümünü Qazaxıstanda qeyd etdiyi üçün Akademiyanın prezidentinə və əməkdaşlarına təşəkkür edib. Mustafa Kamal Atatürkün əsasını qoyduğu Türkiyənin gələcək nəsil üçün əmanət olduğunu, Qazaxıstan və Türkiyə prezidentlərinin dostluq münasibətlərinin iki ölkənin əlaqələrini möhkəmləndirərək inkişafına təkan verdiyini bildirib.

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov üzv dövlətlərin önəmli günlərini və bayramlarını qeyd etmək təşəbbüsü ilə çıxış etdiyi üçün Beynəlxalq Türk Akademiyasının rəhbərliyinə təşəkkür edib. Səfir Türkiyənin 600 illik möhtəşəm dövlətçilik tarixi olan Osmanlı İmperiyasının varisi olduğunu, region və dünya siyasətində önəmli yer tutduğunu bildirib. Diplomat Türkiyənin Azərbaycana daim yardım göstərdiyini, istər 1918-ci ildə müsəlman dünyasında ilk demokratik respublikanı, Azərbaycan Xalq Cümhuriyyətini qurarkən, istərsə də 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa edərkən ən böyük dəstəyi qardaş Türkiyədən gördüyünü diqqətə çatdırıb. O, iki dövlətin münasibətlərinə ən dəqiq qiyməti ulu öndər Heydər Əliyevin verdiyini və Türkiyə ilə Azərbaycanın “bir millət, iki dövlət” olduğunu vurğulayıb.

Monqolustanın Astanadakı səfiri Luvsan Battulqa da iştirakçıları təbrik edərək bütün türk dünyasının dəyərli irsinin Monqolustan ərazilərində qorunduğunu, monqol xalqının qədim dövrlərdə türk xalqı ilə birlikdə yaşadığını dilə gətirib. Səfir Türkiyənin Monqolustan üçün etibarlı tərəfdaş olduğunu, Beynəlxalq Türk Akademiyası ilə münasibətlərin ən yüksək səviyyədə qurulduğunu bildirib.

Tədbirdə iştirak edən ziyalılar TWESCO-nun türk xalqları arasında əməkdaşlıq əlaqələrinin inkişafına, inteqrasiya proseslərinin dərinləşməsinə əhəmiyyətli töhfə verdiyini qeyd ediblər.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.