YUBİLEY TƏBRİKLƏRİ
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi
Düsen Kaseinov
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)
İdarə Heyətinin sədri cənab A.Aslanova
Hörmətli Aslan müəllim.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Daimi Şurası adından və şəxsən öz adımdan Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC-ın yaradılmasının 100 illiyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz kollektivi səmimi qəlbdən təbrik edirəm.
1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılmış AZƏRTAC sonralar Sovet hakimiyyəti illərində müxtəlif adlarla fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası yenidən dövlət müstəqilliyini bərpa etdikdən sonra agentlik özünün tarixi adını bərpa etmiş və hazırda şərəfli missiyasını davam etdirməkdədir.
TÜRKSOY ilə AZƏRTAC arasında uzun illərdir ki, sıx əməkdaşlıq mövcuddur. TÜRKSOY-un həyata keçirdiyi tədbirlər haqqında xəbərlər hansı ölkədə keçirilməsindən asılı olmayaraq agentlik vasitəsilə həm Azərbaycan, həm də dünya ictimaiyyətinə mütəmadi olaraq çatdırılır.
TÜRKSOY-un Baş Katibliyi ilə AZƏRTAC-ın Türkiyə nümayəndəliyi arasında əməkdaşlığı xüsusilə vurğulamaq istərdim. Türkiyədə keçirdiyimiz hər bir fəaliyyət haqqında məlumatlar, türk dünyasının Ankaranı ziyarət edən önəmli şəxsiyyətlərindən alınan müsahibələr anında yayımlanır.
Türk dünyasında baş verən mədəniyyət hadisələrini geniş şəkildə işıqlandırdığı üçün keçdiyimiz illərdə TÜRKSOY tərəfindən AZƏRTAC mətbuat mükafatına layiq görülmüşdür.
Yüksək səviyyədə olan əməkdaşlığımızın gələcəkdə də davam edəcəyinə inanır, bir daha yubileyinizi təbrik edir və şərəfli fəaliyyətinizdə yeni uğurlar arzu edirəm.
Dərin hörmətlə,
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov