MƏDƏNİYYƏT
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu daha bir beynəlxalq təşkilatla anlaşma memorandumu imzalayıb
Bakı, 13 fevral, AZƏRTAC
İsveçrənin paytaxtı Bern şəhərində Mərkəzi Asiya Araşdırmaları Cəmiyyəti və Bern Universitetinin Arxeoloji Tədqiqatlar İnstitutunun dəstəyi ilə Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutu (IICAS) tərəfindən IICAS-ın Akademik Şurasının 22-ci iclası və “Təmasda olan Mədəniyyətlər - Mərkəzi Asiya ticarətin, mədəniyyət mübadiləsinin və biliyin ötürülməsinin mərkəzi kimi” mövzusunda konfrans keçirilir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Mərkəzi Asiya Tədqiqatlar İnstitutunun direktoru Dimitri Voyakin rəhbərlik etdiyi qurumun ötənilki fəaliyyətindən, həmçinin 2020-ci ildə həyata keçiriləcək layihələrdən bəhs edib. O, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması istiqamətində gördüyü işlərin əhəmiyyətini vurğulayaraq, Fondla əməkdaşlığa böyük önəm verdiyini söyləyib.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbəri olduğu qurumun yaranması və məqsədlərindən, türkdilli xalqların tarixinin, adət-ənənələrinin, mədəniyyətinin təbliğ olunmasının və bu sahədə tədqiqatların aparılmasının, ölkələr arasında mədəni mübadilənin gücləndirilməsinin vacibliyindən söz açaraq, ötən illər ərzində bu səpkidə Fondun fəaliyyətindən danışıb. Eyni zamanda, Böyük İpək Yolu mövzusunun mühüm önəm daşıdığını qeyd edərək, onun türkdilli ölkələrə qarşılıqlı təsirindən, həmçinin bu istiqamətdə Fondun həyata keçirdiyi layihələr, təşkil etdiyi tədbirlər barədə ətraflı məlumat verib.
Sonda iki qurum arasında anlaşma memorandumu imzalanıb. Memorandumun məqsədi təşkilatlar arasında mədəniyyət, tarix, arxeologiya, coğrafiya, ədəbiyyat və dilçilik sahələrində, eləcə də Böyük İpək Yolu ilə bağlı aparılan tədqiqatlar üzrə əməkdaşlıq yaratmaq və qarşılıqlı maraq kəsb edən akademik proqramlar və araşdırma layihələrini həyata keçirməkdir.
Eyni zamanda, anlaşma memorandumunda türkdilli ölkələrin ortaq mədəniyyətinin və irsinin qorunması, öyrənilməsi sahəsində birgə fəaliyyətin göstərilməsi nəzərdə tutulur.
Tədbirdə Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova da iştirak edib.