MƏDƏNİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə TÜRKPA birgə layihələr reallaşdıracaq

Bakı, 18 may, AZƏRTAC

Mayın 18-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Altınbek Mamayusupovla görüşüb.

Fonddan AZƏRTAC-a bildirilib ki, görüş zamanı G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun hazırkı və gələcək fəaliyyətinə toxunaraq, türk dünyasına xas mədəniyyət və irsin qorunması, təşviqi və dünyaya tanıdılması istiqamətində həyata keçirdiyi layihələr barədə məlumat verib.

G.Əfəndiyeva 2018-ci ilin türk dünyası üçün əlamətdar hadisələrlə zəngin olduğunu vurğulayaraq, türkdilli xalqların dahi şəxsiyyətlər və böyük ictimai-siyasi xadimlərinin işıqlı xatirələrinə həsr olunan tədbirlərin keçirilməsinin vacibliyini qeyd edib. Bu çərçivədə, TÜRKPA-nın mənzil-qərargahında türk dünyasının böyük mütəfəkkiri Çingiz Aytmatovun 90 illik yubileyi münasibətilə keçirilən tədbirin əhəmiyyətini vurğulayıb.

Baş katib A.Mamayusupov öz növbəsində gələcəkdə bu cür tədbirlərin iki qardaş təşkilat tərəfindən birgə keçirilməsinin türk dünyasına töhfə verəcəyinə inamını ifadə edib. O, cari il ərzində TÜRKPA tərəfindən həyata keçirilməsi nəzərdə tutulan layihələrdən söz açaraq, bu yaxınlarda təmsil etdiyi qurumun 10 illik yubileyi münasibətilə təşkil olunacaq tədbirlərdən bəhs edib.

Görüş zamanı, həmçinin cari ilin sentyabr ayında Astanada keçirilməsi planlaşdırılan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Zirvə toplantısında gündəmə gətiriləcək mühüm məsələlər üzrə fikir mübadiləsi aparılıb, bu toplantının türkdilli ölkələrin ortaq əməkdaşlığının və hərtərəfli əlaqələrin inkişafının daha da möhkəmlənməsinə təkan verəcəyi müzakirə olunub.

Sonda, qurumlar arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən birgə həyata keçiriləcək proqramlar barədə danışıqlar aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.