SİYASƏT
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun bəyanatı
Bakı, 6 iyul, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu iyulun 4-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin atəşə tutulması nəticəsində Sahibə Quliyeva və nəvəsi 2 yaşlı Zəhranın həlak olması, digər mülki şəxsin yaralanması və mülki obyektlərə xeyli dərəcədə ziyan vurulması ilə bağlı bəyanat verib.
Fonddan AZƏRTAC-a daxil olan bəyanatda deyilir: “Ermənistanın belə təcavüzkar siyasəti terrorun bəşəriyyət üçün əsaslı təhlükəyə çevrildiyi bir zamanda onların terrorçu mahiyyətini bir daha sübut edir.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ermənistanın vandalizm aktını qətiyyətlə pisləyir, bütün beynəlxalq təşkilatları və dünya ictimaiyyətini bu ölkənin işğalçılıq siyasətinə, Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində günahsız insanların, hətta uşaqların həlak olmasına hüquqi qiymət verməyə, belə hallar ilə kəskin şəkildə mübarizə aparmağa və onların qarşısının alınması, bütövlükdə sülhün və təhlükəsizliyin, eləcə də ölkələrin ərazi bütövlüyünün qorunması istiqamətində səylərini birləşdirməyə çağırır”.