CƏMİYYƏT


Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva “Antalya Diplomasi Forumu”nda iştirak edib

Bakı, 19 iyun, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyədə keçirilən “Antalya Diplomasi Forumu”nda iştirak edib. Fonddan AZƏRTAC-a verilən məlumata görə, Günay Əfəndiyeva Forum çərçivəsində "Qadınların sülh axtarışına töhfəsi” mövzusunda panel konfransında çıxış edib.

Tədbirdə Günay Əfəndiyeva ilə yanaşı, Moldova Respublikasının Qaqauziya Muxtar Vilayətinin rəhbəri İrina Vlah, Keniyanın Xarici İşlər naziri Raychella Auuor Omamo, Ukrayna Xarici İşlər nazirinin birinci müavini Emine Cabbarova, Diyarbakır Analarını təmsil edən Ayşegül Biçer çıxış edərək, öz fikirlərini bölüşüblər.

Fondun prezidenti çıxışında dünyadakı sülh və güvən kimi qlobal məsələlərə beynəlxalq diqqəti cəlb etmək üçün belə forum və konfransların təşkilinin çox vacib olduğunu bildirərək, tədbirin təşkilatçılarına təşəkkür edib. Günay Əfəndiyeva COVID-19 pandemiyası səbəbindən bu cür görüşlərin keçirilməsinin uzun müddətdir mümkün olmadığını vurğulayaraq, həyatın tədricən normallaşması ilə yenidən Antalya Diplomatiya Forumunun başlamasını qardaş Türkiyənin növbəti uğurlarından biri kimi qiymətləndirib.

Fondun prezidenti qədim dövrlərdən bəri qadınların sülh və harmoniyanın simvolu sayıldığını, evin və ocağın qoruyucusu olduqlarını qeyd edib. Günay Əfəndiyeva bu gün aktuallığını qoruyan gender bərabərliyi mövzusunun, Türk adət-ənənələrində və Türk - İslam mədəniyyətində qədim zamanlardan mövcud olduğunu qeyd edib. O, “Dədə Qorqud” dastanından misal gətirərək, orada cəsarətli türk qadınının obrazının verildiyini qeyd edib. Fondun prezidenti çıxışında Türk Dünyasının zəngin tarixində türk qadınlarının diplomatik məsələlərdə xüsusi ağıl və bacarıq nümayiş etdirdiklərini bildirib. O, Ağqoyunlu hökmdarı Uzun Həsənin anası Sara Xatunun, Şərq dünyasında ilk qadın diplomat sayıldığını, eyni zamanda Osmanlı sultanı II Fatih Mehmet və Uzun Həsən arasındakı mübahisələri uzun illər müdrik diplomatiya və sülh yolu ilə həll etməyi bacaran güclü bir qadın olduğunu vurğulayıb.

Günay Əfəndiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın timsalında müasir zamanda Türk qadınının bariz nümunəsini göstərərək, onun xidmətlərindən bəhs edib. Günay Əfəndiyeva Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən layihələrin ölkənin daxilində, eyni zamanda, beynəlxalq aləmdə böyük nüfuz qazandığını bildirib.

Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən bəhs edərək, Fondun qadınların mədəni, elmi və sosial inkişafı, yaradıcılıq potensialının üzə çıxarılması və təhsilə yönləndirilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini bildirib. Günay Əfəndiyeva bu istiqamətdə Fond tərəfindən “Türk Dünyası Qadın Şairləri Layihəsi” çərçivəsində "Azərbaycan Qadın Şairlərinin Antologiyası" adlı kitabın müxtəlif xarici dillərdə çap olunduğunu vurğulayıb.

Günay Əfəndiyeva qadınların cəmiyyətdəki rollarının milli, regional və qlobal səviyyədə genişləndirilməsinin bəşəri dəyərlərin əhəmiyyətini artıracağını bildirib. O, qlobal terrorizmin, etnik qarşıdurmaların, vətəndaş müharibələrinin və iqtisadi böhranların ağır yükünün, ilk növbədə, qadınların və uşaqların üzərinə düşdüyünü qeyd edib.

Günay Əfəndiyeva Azərbaycanın tarixi və qədim torpaqlarının - Qarabağ və ətraf rayonların azad edilməsi uğrunda apardığı 44 günlük ədalətli mübarizə dövründə Ermənistan tərəfinin döyüş bölgəsindən kilometrlərlə uzaqda yerləşən Azərbaycan ərazilərində təxribatçı terror aktları törətdiyini, yüzlərlə günahsız insanı qətlə yetirdiklərini, yaşayış məntəqələrini, mədəni və dini abidələri dağıtdıqlarını bildirib.

Fondun prezidenti bu cür faciələrin qarşısını almaq üçün beynəlxalq səylərin gücləndirilməsinin, bu kontekstdə qadınların roluna xüsusi diqqət yetirilməsinin və onların birbaşa sülhməramlı proseslərdə iştirak etməsinin vacibliyini vurğulayıb. O, gənclərə müraciət edərək, onların təhsil almasının, öz və dünya mədəniyyətlərini tanımaqlarının önəminə toxunub.

Konfrans fikir mübadiləsi ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.