CƏMİYYƏT


Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində "Bir ümid verək" adlı yardım kampaniyası keçirilib

Bakı, 14 fevral, Əziz Məmmədov, AZƏRTAC

Fevralın 15-i Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günüdür. Bu beynəlxalq gün ilk dəfə Uşaq Valideynlərinin Dünya Konfederasiyasının təşəbbüsü ilə 2001-ci ildən təqvimə daxil edilib. Birinci dəfə həmin beynəlxalq gün yanvarın 15-də Lüksemburqda keçirilib, ancaq sonra onu bir ay irəli çəkmək qərara alınıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Uşaq Xərçəng Xəstəlikləri ilə Mübarizə Günü ərəfəsində “Araz" supermarketlər şəbəkəsi Azərbaycan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin (MOM) nəzdində regionda birinci yaradılan Uşaq Onkologiya Klinikasında xərçəng xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə "Bir ümid verək" adlı yardım kampaniyası həyata keçirib.

Tədbirdə çıxış edən Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli və “Araz" supermarketlər şəbəkəsinin PR meneceri Billurə Əmirova qeyd ediblər ki, xeyriyyə kampaniyasına yanvarın 6-da start verilib. Bir ay boyunca davam edən yardım aksiyası nəticəsində toplanan 61 212 manata xərçəng xəstəliyi ilə mübarizə aparan uşaqların müalicəsi üçün lazım olan tibbi avadanlıq alınaraq, MOM-un Uşaq Onkologiya Klinikasına “Araz” müştəriləri adından hədiyyə edilib.

Avadanlıqdan istifadə təmənnasız olaraq həyata keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.