DÜNYA


Beynəlxalq Valyuta Fondu İspaniya iqtisadiyyatı üzrə proqnozunu dəyişib

Madrid, 5 oktyabr, AZƏRTAC

Beynəlxalq Valyuta Fondu (BVF) 2018-ci ildə İspaniyada ÜDM-nin artım tempini 2,7 faizə endirib və ölkə iqtisadiyyatı üçün gözlənilən təhlükələr barədə xəbərdarlıq edib.

AZƏRTAC xəbər verir ki, BVF nümayəndələri İspaniyaya səfərdən sonra ilkin hesabat hazırlayıblar. Hesabatda deyilir ki, “iqtisadi inkişaf tempi kulminasiya nöqtəsinə çatır”, ortamüddətli perspektivdə onun artım tempinin azalması riski mövcuddur.

BVF qeyd edir ki, İspaniya iqtisadiyyatı “yaxşı tonusunu” saxlayır, amma artımın zirvəsi geridə qalıb. Təşkilat 2019-cu il üçün 2.2 faiz artım tempini saxlayır. Lakin BVF bildirir ki, potensial inkişafın bu göstəriciləri avrozona üzrə orta göstəricilərdən yüksək sayılmaqla yanaşı, bir sıra xoşagəlməz amilləri əks etdirir.

Fond İspaniya hökumətinə: dövlət borcunun və büdcə kəsirinin azaldılması, 2019-cu il büdcəsinə ehtiyat tədbirləri paketinin daxil edilməsi, vergilərin artırılması ilə birlikdə sosial istiqamətdə tədbirlər görülməsi, təqaüdlərin miqdarına yenidən baxılması zamanı istehlak mallarının indeksini nəzərə almaqla kifayətlənməmək, yeni iş yerlərinin açılması və gənclərin əmək məşğulluğuna diqqət yetirilməsi, müəssisələrin, xüsusən kiçik şirkətlərin istehsal gücünün artırılması, dövlət orqanlarının idarəçilik sistemində dəqiqliyin təmin olunması və maliyyə sektorunun gücləndirilməsi barədə bir sıra tövsiyələr verib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.