İQTİSADİYYAT
Beynəlxalq Valyuta Fondu ilə Azərbaycanın əməkdaşlığı yüksək qiymətləndirilib


Bakı, 9 iyun, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı Qazaxıstanın Almatı şəhərində Beynəlxalq Valyuta Fondunun (BVF) Qafqaz, Mərkəzi Asiya və Monqolustan Regional Potensialın İnkişafı Mərkəzinin (Caucasus, Central Asia, and Mongolia Regional Capacity Development Center - CCAMTAC) açılış mərasimində iştirak edib.
Bu barədə AZƏRTAC-a İİTKM-dən məlumat verilib.
Vüsal Qasımlı çıxışında Prezident İlham Əliyev tərəfindən icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi 17,5 faiz, 2023-cü ilin sonuna isə 25 faiz müəyyən edildiyini qeyd edib.
Dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricisinin ortamüddətli dövr üzrə hədəflənən yuxarı həddi isə 20 faiz müəyyən edilib. Əlavə edib ki, Azərbaycan hər iki ortamüddətli fiskal qaydalara əməl edir. Azərbaycanda ortamüddətli xərclər çərçivəsi və nəticəəsaslı büdcənin tətbiqi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Funksional təsnifatın pilot bölmələri üzrə büdcə xərclərinin Sektor Strateji Planla və strateji hədəflərlə əlaqələndirilməsi üçün xərclər proqram/subproqram/tədbirlər üzrə strukturlaşdırılıb. Hər bir strateji hədəf və tədbir üzrə nəticə indikatorları müəyyən edilib.
İcraçı direktor bildirib ki, Qafqaz və Mərkəzi Asiya üçün əsas fiskal çağırışlar fiskal buferlərin qurulması, risklərin idarə edilməsi, qaydaların və institutların gücləndirilməsidir.
V.Qasımlı tədbir çərçivəsində BVF-nin Baş direktoru Kristalina Georgiyeva ilə görüşüb. Baş direktor CCAMTAC-ın yaranmasında Azərbaycanın göstərdiyi dəstəyə görə təşəkkür edib və ölkəmizlə BVF-nin əməkdaşlığını yüksək qiymətləndirib.