REGİONLAR
Beynəlxalq “Yay məktəbi”nin iştirakçıları Xaçmaza gəliblər VİDEO
Xaçmaz, 27 iyul, Elxan Yusifli, AZƏRTAC
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universitetinin birgə təşkilatçılığı ilə “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi: öyrən, araşdır, paylaş” adlı beynəlxalq “Yay məktəbi”nin iştirakçıları iyulun 27-də Xaçmaz şəhərinə gəliblər.
AZƏRTAC xəbər verir ki, 8 xarici və 7 yerli universiteti təmsil edən tələbələr şəhərin mərkəzindəki Heydər Əliyev adına parkda qarşılanıblar. “Yay məktəbi”nin iştirakçıları burada ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Tələbələr Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər muzeyində də olublar. Məlumat verilib ki, muzey-park 2006-cı ildə yaradılıb. Parkda Azərbaycanın görkəmli şair və yazıçıları, mədəniyyət və incəsənət xadimlərinin büstü qoyulub.
Sonra “Yay məktəbi”nin iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət ediblər. Tələbələr muzeydə müxtəlif dövrlərdə xaçmazlıların həyat tərzini və məişətini əks etdirən eksponatlarla tanış olublar.
Muzeyin konfrans zalında keçirilən tədbirdə tarix elmləri doktoru, professor Həcər Verdiyeva tələbələr qarşısında “Qafqaz Albaniyası və onun müasir varisləri” mövzusunda məruzə ilə çıxış edib.
Günün ikinci yarısında isə “Yay məktəbi”nin iştirakçıları “Mədəniyyətlərarası dialoq və Azərbaycan multikultralizminin özəl xüsusiyyətləri” mövzusunda məruzə dinləyiblər.
Qeyd edək ki, “Yay məktəbi”nin iştirakçıları iyulun 23-dən etibarən Nabran istirahət mərkəzində qalırlar. Onlar avqustun 30-dək şimal bölgəsinin rayonlarına səfərlər edəcək, müxtəlif tədbirlərə qatılacaqlar.