ELM VƏ TƏHSİL
Beynəlxalq arxeoloji ekspedisiya Damcılı mağarasında tədqiqatları davam etdirir
Bakı, 11 avqust, AZƏRTAC
Yaponiya - Azərbaycan birgə beynəlxalq arxeoloji ekspedisiyası Qazax rayonu ərazisində yerləşən Damcılı mağarasında əsaslı tədqiqatlar aparır.
Bu barədə AZƏRTAC-a AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutundan məlumat verilib. Bildirilib ki, bu il avqustun əvvəlindən Tokio Universitetinin professoru Yoşihiro Nişiakinin rəhbərliyi ilə yaponiyalı mütəxəssislər və institutun əməkdaşı Yaqub Məmmədovun rəhbərliyi ilə Orxan Zamanov və Ülviyyə Heydərova tərəfindən birgə tədqiqatlar davam etdirilir. Tədqiqatlara “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun əməkdaşları da cəlb olunub.
Xatırladaq ki, Damcılı mağarası 1953-cü ildə Sergey Zamyatin və Məmmədəli Hüseynov tərəfindən qeydə alınıb və elə o zaman ilkin tədqiqatlar aparılıb. Bununla da, ölkəmizdə paleolit dövrünün öyrənilməsinin əsası qoyulub. 1956-1957-ci illərdə mağarada arxeoloji qazıntılar Məmmədəli Hüseynovun rəhbərliyi ilə davam etdirilib. Nəticədə, bulağa yaxın ərazidə, mədəni təbəqədən üst və orta Paleolit, Mezolit, Neolit dövrlərinə aid 7 mindən artıq alət və (təsərrüfat) tullantı, eləcə də fauna qalıqları aşkar olunub. Lakin mədəni təbəqənin qarışıq olması, dövrlərin keçid mərhələlərini və mütləq yaşını müəyyənləşdirməyə imkan verməyib.
2016-2019-cu illərdə dosentlər Azad Zeynalovun və Mansur Mansurovun rəhbərliyi ilə aparılmış tədqiqatların başlıca məqsədi regionda Neolitdən əvvəlki dövrlərdə (Paleolit və Mezolit) Orta Kür hövzəsində ovçu-yığıcıların sosial-iqtisadi həyatı haqqında məlumat əldə etməkdən ibarət olub. Tədqiqatlar nəticəsində 4 minə yaxın arxeoloji nümunə aşkar olunub.