İQTİSADİYYAT
Beynəlxalq dəniz limanının birinci mərhələsinin tikintisi yay aylarında tamamlanmalıdır
Bakı, 15 aprel (AZƏRTAC). Bu ilin yay aylarında yeni tikilən beynəlxalq dəniz limanının birinci mərhələsi artıq tamamlanmalıdır.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqində demişdir.
Ələtdəki limanın Xəzər dənizində ən böyük beynəlxalq dəniz limanı olacağını söyləyən Prezident İlham Əliyev bu ilin yayında artıq limanın birinci hissəsinin istifadəyə verilməsinin qarşıya bir vəzifə kimi qoyulduğunu diqqətə çatdırmışdır.
“Hesab edirəm ki, buna nail olmaq mümkündür. Belə olan halda indiki dəniz limanı şəhərin mərkəzindən köçürüləcəkdir və onun yerində ictimai yerlər yaradılacaqdır. Onsuz da artıq o limandan Zığ istiqamətinə yeni bulvar - Ağ şəhər bulvarı salınır. Onun indiki uzunluğu təqribən 2 kilometrdən bir qədər çoxdur. Orada yeni ictimai zonalar yaradılır. Əlbəttə ki, oradan limanın mümkün qədər tez köçürülməsi imkan yaradacaq ki, tezliklə biz o zonanı da vətəndaşların sərəncamına verək. Oradan dəmir yolu xətləri də çıxarılacaqdır. Səkkizzolaqlı sahil avtomobil yolu, gözəl bulvar tikilir. Yəni, onsuz da yeni beynəlxalq dəniz limanı yaxın zamanlarda tam fəaliyyətə başlayacaqdır. Amma heç olmasa, birinci mərhələni biz yay aylarında artıq istifadəyə verməliyik”, - deyə dövlətimizin başçısı vurğulamışdır.