İDMAN
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi nüfuzlu yarışda təmsil edəcəklər
Bakı, 5 oktyabr, AZƏRTAC
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Ernest Ağakişi və Emil Ağakişi ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, həndbol hakimlərimiz Avropa Həndbol Federasiyasının kuboku uğrunda turnirdə oyunu idarə edəcəklər.
Ernest Ağakişi və Emil Ağakişi qardaşları Yunanıstanın “PAOK” və Şimali Makedoniyanın “WHC Metalurq” komandalarının görüşünə təyinat alıblar. Onlar Saloniki şəhərində keçiriləcək oyunu idarə edəcəklər. Gərgin mübarizə vəd edən qarşılaşma oktyabrın 8-də keçiriləcək.
Xatırladaq ki, bu, Ernest Ağakişi və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə növbəti təyinatıdır.
Həmin həndbol hakimlərimizin kifayət qədər beynəlxalq təcrübəsi var.