İQTİSADİYYAT
Beynəlxalq donor təşkilatları ilə görüşdə yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb
Bakı, 17 iyul, AZƏRTAC
İyulun 17-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) beynəlxalq donor təşkilatlarının nümayəndələri ilə keçirilən görüşdə donor təşkilatlar tərəfindən təqdim edilən məlumatlar əsasında hazırlanan yol xəritəsi üzrə fikir mübadiləsi aparılıb.
Bu barədə AZƏRTAC-a agentliyin Kommersiya və İnformasiya Texnologiyaları Şöbəsindən açıqlama verilib.
AQTA sədrinin müşaviri Elxan Mikayılov agentliyin fəaliyyət istiqamətləri, qarşıya qoyulan hədəflər haqqında nümayəndə heyətinə geniş məlumat verib. Əhalinin sağlam və təhlükəsiz qida məhsulları ilə təmin edilməsinin Qida Təhlükəsizliyi Agentliyin əsas vəzifələrindən biri olduğunu vurğulayan E.Mikayılov Qida Təhlükəsizliyi İnstitutunun fəaliyyət istiqamətləri və “2018-2025-ci illər” üzrə qida təhlükəsizliyi sahəsində Dövlət Proqramı haqqında görüş iştirakçılarını məlumatlandırıb.
Tədbirdə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən hazırlanmış texniki dəstəyə ehtiyac duyulan sahələrin inkişaf istiqamətləri və Qida
Təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının qanunundan irəli gələn normativ hüquqi aktların hazırlanması sahəsində qarşıda duran vəzifələrdən söhbət açılıb.
Qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.