İQTİSADİYYAT
Beynəlxalq ekspert “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində startapların ideyaları ilə tanış olub
Bakı, 17 mart, AZƏRTAC
Beynəlxalq ekspert “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində startapların ideyaları ilə tanış olub.
“Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Kaliforniya ştatının Silikon Vadisinin mentoru İngrid Rostenin startaplar və gənc sahibkarlarla görüşüb.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “Youth Inc.” Biznes İnkubasiya Mərkəzində keçirilən görüşdə beynəlxalq səviyyəli mentor startapların ideyaları ilə tanış olaraq, onlara tövsiyələrini verib, bu sahədə qazandığı təcrübəsini bölüşüb.
Görüşdə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzinin startapları “Velokuryer”, “Logical Ad Inc.”, “Ozal.az”, o cümlədən “Youth Inc. Business Academy” Akselerasiya Proqramının iştirakçıları “Kvotter” və “Customarlic” iştirak edib.
Sonda startapçıların suallarını cavablandıran İnqris Rosten Biznes İnkubasiya Mərkəzinin fəaliyyəti ilə də tanış olub.
Görüşün məqsədi startapçıları xarici mentorlarla əlaqələndirmək, onların fəaliyyətinin genişləndirilməsini təmin etmək və ölkəmizdə sahibkarlığın inkişafına dəstək olmaqdır. Qeyd edək ki, “Youth Inc.” Sahibkarlıq Proqramı gələcək fəaliyyətində Silikon Vadisinin mütəxəssisləri ilə sıx əməkdaşlıq çərçivəsində layihələr həyata keçirməyi planlaşdırır.
İngrid Rosten ABŞ-ın Kaliforniya ştatının Silikon Vadisində 1995-2005-ci illərdə biznes inkubatorlarının qurucusu kimi tanınan və "Finding My Place" təşkilatının həmtəsisçisi olub. İ.Rosten, həmçinin NASA Kosmik Proqramında, həmçinin 30-dan çox beynəlxalq biznes mərkəzində mühazirələrlə çıxış edib. Eyni zamanda, Milli Biznes İnkubasiya Birliyinin (NBIA) və Elm Parkları və İnnovasiya Mərkəzlərinin Ekspert Qrupunun (SPİCE) üzvü, San-Xose Ticarət Palatasında, Silikon Vadisinin beynəlxalq işlər üzrə direktorudur.
“Youth Inc.” Gənclərin Sahibkarlıq Proqramı 2013-cü ildə Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti və DVC təşkilatının tərəfdaşlığı ilə rəsmi fəaliyyətə başlayıb və 2015-ci ildə “Youth Inc.” Biznes İnkubasiya Mərkəzi yaradılıb. “Youth Inc.”in aktiv fəaliyyət göstərdiyi illər ərzində proqram məzunları bir sıra müxtəlif biznes-layihələr həyata keçirib, xeyli sayda startap dəstəklənib və 7 minə yaxın gənc müxtəlif seminarlarda iştirak edib. Proqram “JEUNE” və “INBIA” təşkilatlarının üzvüdür.