CƏMİYYƏT
Beynəlxalq ekspertlərin iştirakı ilə reproduktiv sağlamlığa dair müzakirələr aparılıb
Bakı, 18 avqust, AZƏRTAC
Azərbaycanda Reproduktiv Sağlamlıq Strategiyasının hazırlanmasına dair milli işçi qrupun görüşü keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə yerli mütəxəssislərlə yanaşı, Litvadan dəvət olunmuş beynəlxalq ekspertlər Gunta Lazdane və Ruta Nadisaukiene, eləcə də Dünya Bankının aparıcı əməkdaşları iştirak ediblər.
Tədbirdə Reproduktiv Sağlamlığa dair Milli Strategiya çərçivəsində (2008-2015-ci illər üçün) həyata keçirilən tədbirlər, alınan nəticələr müzakirə olunub. Eyni zamanda, nəticələrə əsasən növbəti 2017-2025-ci illər üçün qarşıda duran vəzifələrdən danışılıb.
Milli işçi qrupun təkrar toplantısı sentyabr ayında nəzərdə tutulub.
Reproduktiv Sağlamlığa dair Milli Strategiyanın əsas istiqamətləri ana və uşaq sağlamlığı, cinsi yolla yayılan infeksiyalar, yeniyetmələrin reproduktiv sağlamlığı, gender zorakılığı və cinsi istismardır. Bu istiqamətlər ətrafında hazırlanacaq fəaliyyət planı növbəti görüşlərdə tərtib olunacaq.