ELM VƏ TƏHSİL
Beynəlxalq elmi konfransda Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı məruzə dinlənilib
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı Rusiya Elmlər Akademiyası Dağıstan Elm Mərkəzinin Mahaçqalada keçirdiyi “Qafqaz xalqlarının dövləti və hüququ: qurulması, inkişafı və müasir vəziyyəti” mövzusunda beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Müsəlman Şərqinin ilk Cümhuriyyəti - Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda məruzə ilə çıxış edən azərbaycanlı alim Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılması ilə nəticələnən ictimai-siyasi prosesin milli özünüdərk və milli şüurun formalaşmasına təkan verən maarifçilik hərəkatı ilə başladığını deyib. Bu hərəkatda Cümhuriyyətin qurucularının misilsiz xidmətlərindən danışan M.Qasımlı 1920-ci ildə AXC-nin dünyanın ən böyük dövlətləri tərəfindən tanınmasının, nizami ordu yaradılmasının, müsəlman Şərqində ilk dəfə qadınlara seçki hüququnun verilməsinin önəmini xüsusi qeyd edib.
Alim AXC-nin hüquqi varisi olan müstəqil respublikamızın Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf etdiyini və dünya birliyində layiqli yer tutduğunu bildirib. Qeyd edib ki, məhz müstəqillik dövründə, xüsusən ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Cümhuriyyət dövrünün tədqiqi və təbliği istiqamətində mühüm addımlar atılıb və bu istiqamətdə işlər davam etdirilir.
Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.