ELM VƏ TƏHSİL
Beynəlxalq elmi-praktik konfrans: mühəndis sistem və qurğularında ekologiya məsələləri
Bakı, 10 dekabr, AZƏRTAC
Dekabrın 10-da Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Mühəndis sistem və qurğularında ekologiya məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayıb. Açılış mərasimində bir sıra dövlət qurumlarının nümayəndələri, respublikanın ali təhsil müəssisələrindən tanınmış alimlər, xarici ölkələrdən qonaqlar iştirak ediblər.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, elmi işlər üzrə prorektor Arif Şərifov konfransın bu gün bütün bəşəriyyəti düşündürən ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın pozulması, ekoloji təhlükəsizliyin təmin edilməsi kimi ciddi problemlərə həsr olunduğunu diqqətə çatdırıb. Prorektor bildirib ki, konfrans çərçivəsində alimlər mövzu ətrafında fikir mübadiləsi aparacaq, xaricdən gələn həmkarları ilə təcrübələrini paylaşacaqlar.
“Azərsu” ASC-nin sədrinin müşaviri Çingiz Abdullayev, “Azəristiliktəchizat” ASC-nin sədr müavini İlham Mirzəliyev konfransın aktual mövzuya həsr olunduğunu vurğulayıb və işinə uğurlar arzu ediblər.
Plenar məruzələrdə Kiyev Milli İnşaat və Memarlıq Universitetinin professoru K.M.Predun “Ukraynanın mənzil-kommunal təsərrüfatlarının yenilənməsinin ekoloji və iqtisadi aspektləri”, Azərbaycan Hidrotexnika və Meliorasiya Elm İstehsalat Birliyinin baş direktoru, professor Ağamir Həşimov “Azərbaycanda meliorasiya və su təsərrüfatı XX-XXI əsrlərdə” mövzularında məruzələrlə çıxış ediblər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirib.
İki gün davam edəcək konfransa 100-dək məqalə təqdim olunub.