REGİONLAR
Beynəlxalq festival iştirakçıları Qubada ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıblar VİDEO
Quba, 10 iyul, Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki “Yaşıl teatr”da “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin III Beynəlxalq Folklor-Rəqs Festivalı çərçivəsində konsert proqramı təqdim olunacaq.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyulun 10-da Azərbaycan, Rusiya (Çeçenistan və Şimali Osetiya-Alaniya Respublikaları), İran, Gürcüstan və Qırğızıstandan olan festival iştirakçıları ilə icra hakimiyyətində keçirilən görüşdə qonaqlara rayon haqqında ətraflı məlumat verilib və xatirə hədiyyələri təqdim edilib.
Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlar 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Festival iştirakçıları soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Qeyd edək ki, Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən festivalın əsas məqsədi uşaq və gənclərin istedadlarının inkişaf etdirilməsi, ölkələrin mədəniyyətini nümayiş etdirməklə yanaşı xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsidir. Festivala müxtəlif rəqs qruplarının və kollektivlərin tərkibində, ümumilikdə, 600 nəfərə yaxın iştirakçı qatılıb. Onlardan 476-sı qonaq, qalanları isə yerli iştirakçıdır. Festivalda üçü Azərbaycandan olmaqla ümumilikdə 17 folklor və rəqs qrupunun ifaları nümayiş etdiriləcək.
Konsert proqramı bu gün saat 17:00-da Quba şəhərindəki Mədəniyyət və İstirahət parkında yerləşən “Yaşıl teatr”da təqdim olunacaq. Konsertə giriş pulsuzdur.
“Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin III Beynəlxalq Folklor-Rəqs Festivalının növbəti təqdimatı iyulun 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında keçiriləcək.