REGİONLAR
Beynəlxalq folklor-rəqs festivalına 5 ölkədən 600-ə yaxın iştirakçı qatılıb
Quba, 11 iyul , Elxan Yusifli, AZƏRTAC
Quba şəhərindəki “Yaşıl teatr”da keçirilən “Dostluq körpüsü” adlı Uşaqların və Gənclərin IV Beynəlxalq Folklor-Rəqs Festivalında Azərbaycan, Rusiya, İran, Gürcüstan və Qırğızıstan nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsert proqramından əvvəl festival iştirakçıları ilə Quba Rayon İcra Hakimiyyətində görüş təşkil olunub. Qonaqlara rayon haqqında məlumat verilib.
Görüşdən sonra Quba Soyqırımı Memorial Kompleksini ziyarət edən qonaqlar 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı haqqında ətraflı məlumatlandırılıblar.
Festival iştirakçıları soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, qarşısına gül dəstələri düzüblər.
Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən, xalqlar arasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyan festivala müxtəlif rəqs qruplarının və kollektivlərin tərkibində, ümumilikdə, 600 nəfərə yaxın iştirakçı qatılıb.
Rəngarəng rəqslərin təqdim olunduğu tədbirdə məlumat verilib ki, Quba Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri 2011-ci ildən ənənəvi olaraq bir sıra beynəlxalq festival və müsabiqələrdə uğurla iştirak edərək mükafatlara layiq görülüblər. Bu müsabiqələr çərçivəsində mərkəzin dərnək üzvlərinin Azərbaycanın adət və ənənələri ilə bağlı təqdimatları da olub.
Festivalda ümumilikdə, 20-yə yaxın folklor və rəqs qrupunun ifaları nümayiş etdirilib.
Artıq dördüncü ildir keçirilən rəqs və folklor bayramı rayon sakinləri və qonaqlar tərəfindən maraqla qarşılanıb.
Folklor-Rəqs Festivalının növbəti təqdimatı Sumqayıtdakı “Kimyaçı” Mədəniyyət Sarayında keçiriləcək.