ELM VƏ TƏHSİL


Beynəlxalq forumda Azərbaycanda elm sahəsində aparılan islahatlardan danışılıb

Bakı, 9 avqust, AZƏRTAC

Qazaxıstanın paytaxtı Astanada “Burabay forum: beynəlxalq əməkdaşlıq” mövzusunda gənc alimlərin beynəlxalq forumu keçirilir.

Üç gün davam edəcək forum Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondu və həmin fondun Elmi Şurasının təşkilatçılığı ilə reallaşdırılıb.

Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) AZƏRTAC-a bildiriblər ki, tədbirə Qazaxıstanın dövlət rəsmiləri, ali təhsil müəssisələrinin rektorları, MDB respublikalarının gənc alimlər şuralarının sədrləri, eləcə də müxtəlif ölkələrdən gənc alimlər qatılıblar.

Beynəlxalq forumda respublikamızı AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Famin Salmanov, Rəyasət Heyəti aparatının elm və təhsil idarəsinin rəis müavini, dosent Hüseyn Hüseynov və həmin idarənin elmi-analitik şöbənin rəisi Fail Kazımov təmsil edirlər.

Astana Nazarbayev Mərkəzində öz işinə başlayan tədbirin ilk günündə iştirakçılar sərgi salonunda gənc alimlərin elmi işləri ilə tanış olublar.

Açılış mərasimində Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun icraçı direktoru Kanat Cumbaev forumun əsas məqsədinin öz ölkəsi ilə MDB respublikalarının elm və təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, iştirakçı ölkələrin alimlərinin elmi-nəzəri və praktiki tədqiqatların ümumiləşdirilməsi və sistemləşdirilməsi istiqamətində fikir mübadiləsinin aparılması və perspektiv planların müəyyənləşdirilməsi olduğunu qeyd edib. Bildirilib ki, tədbir elm mütəxəssisləri üçün multidissiplinar əməkdaşlıq platformasına, həmçinin nüfuzlu alimlərin bir araya gətirilməsinə imkan verəcək.

Forumun plenar iclasında AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov “Azərbaycanda elmi gəncliyin inkişaf strategiyası və şuranın fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında ölkəmizdə elm sahəsində son illərdə aparılan islahatlar, Azərbaycan elminin dünya elminə inteqrasiyası, elm-təhsil-innovasiya vəhdətinin yaradılması, gənc alimlərimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi və bu istiqamətdə rəhbərlik etdiyi şuranın gördüyü işlər, eləcə də nəzərdə tutulan fəaliyyət planı haqqında məlumat verib.

Tədbir çərçivəsində “Təhsil və elm inteqrasiyası: təcrübə və perspektivlər” və “MDB ölkələrində qlobal elmi və texnoloji problemlərin həlli üçün gənclərin rolu” mövzularında panel müzakirələr aparılıb.

Forum avqustun 11-də başa çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.