SİYASƏT
Beynəlxalq forumda Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər barədə məlumat verilib
Bakı, 20 iyun, AZƏRTAC
Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov bu ölkənin Suqd Vilayətinin Xucənd şəhərində təşkil olunan ənənəvi “Suqd-2022” beynəlxalq ticarət forum-yarmarkasında iştirak edib.
Bu barədə AZƏRTAC-a Azərbaycanın Tacikistandakı səfirliyindən məlumat verilib.
Səfər çərçivəsində səfir Əlimirzamin Əskərov Tacikistanın Suqd Vilayətinin başçısı Rəcəbboy Əhmədzadə, Xucənd şəhərinin meri Firdavs Şərifzadə ilə görüşlər keçirib, "Suqd-2022" beynəlxalq ticarət yarmarkasının açılış mərasimində iştirak edib.
Forumda çıxış edən səfir Azərbaycanda həyata keçirilən islahatlar, qeyri-neft sektorunun və rəqəmsal iqtisadiyyatın inkişafı, ölkəmizin sosial-iqtisadi inkişafına dair Milli Prioritetlər barədə iştirakçılara məlumat verib, tədbirdə iştirak edən beynəlxalq və yerli şirkətləri Azərbaycanın əlverişli biznes və investisiya mühitindən, nəqliyyat-logistika potensialından yararlanmağa dəvət edib.
Səfər çərçivəsində forumda təmsil olunan yerli və beynəlxalq şirkət nümayəndələri ilə görüşlər keçirilib, işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa işləri barədə məlumat verilib, şirkətlərin burada yenidənqurma işlərində iştirak imkanları vurğulanıb, Ələt Azad İqtisadi Zonası, Azərbaycanın əlverişli nəqliyyat-tranzit potensialı, Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi və Zəngəzur dəhlizinin əhəmiyyəti diqqətə çatdırılıb.