CƏMİYYƏT
Beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair bilik və bacarıqlar mövzusunda kurs keçirilib
Bakı, 6 sentyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının Azərbaycan nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin şəxsi heyəti üçün “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın əsasları. Beynəlxalq hüquq və davranış qaydaları” mövzusunda kurs keçirilib.
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kursun əsas məqsədi şəxsi heyətin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun sinifləndirilməsindən keçməyə hazırlanması, eləcə də beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair bilik və bacarıqlarının daha da artırılmasından ibarət olub.
Kursun gedişində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin icraçı katibinin müavini Səbinə Məhbubi İran və fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair beynəlxalq norma və qaydalar, fəaliyyətin əsas prinsipləri, etik və həssas məsələləri əhatə edən mövzularda təqdimatlarla çıxış ediblər.
Beynəlxalq humanitar əməliyyatlarda beynəlxalq təşkilatların rolu, BMT, Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin fəaliyyətinə dair məlumatlar kurs iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbirdə media nümayəndələri ilə qarşılıqlı əlaqənin təşkilinə dair məsələlər müzakirə edilib, mediaya müsahibələrin verilməsi prosesi məşq etdirilib.
Tədbirin sonunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib və xatirə şəkli çəkilib.