CƏMİYYƏT
Beynəlxalq hüquqi əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 21 iyun, AZƏRTAC
Fələstin Dövlətinin inzibati paytaxtı Ramallah şəhərində İtaliya İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən “Ədalət mühakiməsinə çıxış və səmərəli prokurorluq xidmətləri” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 25 ölkə təmsilçisinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı və Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru Ziya Hacıyevdən ibarət nümayəndə heyəti təmsil edib.
Konfransda, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Han Moral, Avropa İttifaqının nümayəndəsi Sven Kuhen Von Burqsdorf və digər mötəbər qonaqlar iştirak edərək, qanunun aliliyi prinsipinin tətbiqi, azadlıqdan məhrumetmə ilə bağlı olmayan alternativ cəzaların effektivliyi, yetkinlik yaşına çatmayanlara dair cinayət işlərinin xüsusiyyətləri və digər mövzularda geniş çıxışlar ediblər.
Tədbir çərçivəsində Baş Prokurorluğun nümayəndə heyətini qəbul edən Fələstin Dövlətinin Baş prokuroru Akram Hasan Al-Hateb konfransın qarşılıqlı münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edərək, cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin və birgə səylər göstərilməsinin əhəmiyyətini vurğulayıb.