CƏMİYYƏT
Beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini qınamalıdır
Bakı, 6 iyul, AZƏRTAC
“Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyi Ermənistan ordusunun Füzuli rayonunun Alxanlı kəndində mülki əhaliyə qarşı növbəti silahlı təxribatını şiddətlə qınayan bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Ermənistan silahlı qüvvələrinin mütəmadi olaraq qoşunların təmas xəttində təxribatlar törətməsi və Azərbaycan vətəndaşları olan dinc əhalini atəşə tutması nəticəsində Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhra Quliyevanın və 50 yaşlı Sahibə Allahverdiyevanın qətlə yetirildiyi, Sərvinaz Quliyevanın isə ağır yaralandığı xüsusi vurğulanıb. Diqqətə çatdırılıb ki, artıq 29 ildir müstəqil Azərbaycan Respublikasının BMT-nin də tanıdığı dövlət sərhədlərini pozaraq torpaqlarımızın 20 faizini zəbt edən işğalçı Ermənistanın vandalizm siyasəti bütün çirkinliyi ilə davam etməkdədir.
“Ermənistan hərbi birləşmələri 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının tələblərini və mülki əhalinin hüquqlarını müdafiə edən digər beynəlxalq razılaşmaları kobud şəkildə pozaraq uşaqları, qadınları və qocaları qətlə yetirməkdən çəkinmir. Bu, bir yandan Ermənistanın işğalçılıq mahiyyətinin bariz sübutudursa, digər yandan beynəlxalq ictimaiyyətin indiyədək rəsmi İrəvana qarşı təsirli addımlar atmamasının nəticəsidir.
Təəssüflər olsun ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə vasitəçiliyi üzərinə götürən ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi və qeyri-adekvat davranışı, beynəlxalq ictimaiyyətin ikili standartdan çıxış etməsi işğalçıya cinayətkar əməllərini davam etdirməyə əlavə zəmin yaradır.
Azərbaycanın mülki əhalisinə qarşı davamlı şəkildə törədilən bu cür ağır cinayətlər işğalçı Ermənistanın sülh yolu ilə zəbt etdiyi torpaqları tərk etməyə məcbur ediləcəyi ilə bağlı ümidləri aradan aparır və Azərbaycan Ordusunu işğalçıya qarşı lazımi cavab verməyə vadar edir. Münaqişə zonasında baş verəcək bütün hadisələrə görə məsuliyyət birmənalı olaraq işğalçı Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür.
Biz, “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyi olaraq, münaqişənin sülh yolu ilə həllinə çağırış edən beynəlxalq institutlardan Ermənistanın Azərbaycanın mülki əhalisini - uşaqları, qadınları və qocaları qətlə yetirməsi faktlarına səssiz qalmamağı, işğalın dərhal sona çatdırılması üçün qətiyyətli qərarlar qəbul etməyi tələb edirik. Hesab edirik ki, beynəlxalq ictimaiyyət Ermənistanın dinc əhaliyə qarşı vandalizm siyasətini gec də olsa sərt şəkildə qınamalıdır”.