SİYASƏT


Beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalıdır

Tbilisi, 29 sentyabr, AZƏRTAC

Marneulidə fəaliyyət göstərən Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycana qarşı növbəti təxribat törətməsi ilə əlaqədar bəyanat yayıb. Bu barədə AZƏRTAC-a mərkəzin icraçı direktoru, Azərbaycan Yazıçılar Birliyinin Gürcüstan bürosunun rəhbəri Rafiq Hümmət məlumat verib.

Bəyanatda deyilir: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatına əsasən, erməni qəsbkarlarının dinc əhalini ağır artilleriya qurğularından atəşə tutması nəticəsində mülki əhali və hərbi qulluqçular arasında həlak olan və yaralananlar var. Ermənistan silahlı birləşmələrinin dinc Azərbaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonunun Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun dörd ailə üzvü həlak olub. Bu təcavüz nəticəsində həlak olanlardan ikisi məktəblidir. Çoxsaylı evlərə və mülki obyektlərə ciddi ziyan dəyib”.

Qeyd olunur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirirlər.

Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn fundamental norma və prinsiplərinin, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onların əlavə protokollarının kobud şəkildə pozulmasıdır.

Ermənistanın 27 sentyabr tarixində Azərbaycana qarşı yeni təcavüz aktı son aylar ərzində Ermənistan tərəfinin təxribatları, o cümlədən 12-16 iyulda Tovuz istiqamətində hücum cəhdi, 23 avqustda Goranboy istiqamətində diversiya-kəşfiyyat təxribatı, Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılması, eləcə də Ermənistan rəhbərliyinin təhrikçi bəyanatları və fəaliyyətinin davamıdır.

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi bəyan edir ki, yaranmış vəziyyətə görə tam məsuliyyət Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşür və axan qanların durması, yeni insan itkilərinin və dağıntıların olmaması üçün yeganə yol təcavüzkarın Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməsidir. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarında qeyri-qanuni mövcudluğunun regionda sülh və sabitliyə ciddi təhlükə olduğuna yaxşı bələd olan və Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalçı fəaliyyətinə beynəlxalq hüququn norma və prinsiplərindən irəli gələrək prinsipial mövqe nümayiş etdirən beynəlxalq ictimaiyyət Ermənistanın işğalçılıq siyasətini və təxribatçı əməllərini kəskin şəkildə qınamalı və bu ölkəni beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq öhdəliklərinə əməl etməyə məcbur etməlidir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.