SİYASƏT
Beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır
Bakı, 24 iyul, AZƏRTAC
Erməni vandalizmi yalnız Azərbaycanla sərhəddə, yəni cəbhədə deyil, xarici ölkələrdə də geniş vüsət alıb. ABŞ, Böyük Britaniya, İsveç, Polşa, Niderland, Belçika kimi ölkələrdə Ordumuza, dövlətimizə dəstək aksiyaları keçirən soydaşlarımıza qarşı edilən təxribatlar, jurnalistin daşa basılması və sair kimi hadisələr bir daha onu göstərir ki, erməni xisləti və onun mahiyyəti dəyişmir və heç zaman da dəyişməyəcək. Vandalizm, yalan, saxtakarlıq, təxribat, pafos, mənfur ideologiya ermənilərin canında və qanındadır.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elşən Musayev bildirib.
Deputat diqqətə çatdırıb ki, Paşinyan və onun uğursuz komandası cəbhədəki təxribatlarla heç nəyə nail ola bilmədi. İndi onlar dinc aksiya keçirən azərbaycanlılara qarşı təxribata əl atıblar: “Paşinyanın indiki durumda yeganə məqsədi odur ki, erməni əhalisinin başı məhz kənar hadisələrə qarışsın və diqqət daxildəki xaotik vəziyyətdən yayınsın. Çünki pandemiya ölkəni ağır duruma salıb. Həmçinin baş nazirin seçki öncəsi vəd etdiyi “çiçəklənmə” vədi də fiaskoya uğrayıb, hakimiyyətdaxili çəkişmələr artıb. Analitiklərin fikrinə görə, hazırkı vəziyyətdə Paşinyan seçkiyə qatılsa, maksimum 12-14 faiz arasında səs ala bilər. Bu səbəbdən Ermənistanın baş naziri özünün xilasını yalnız təxribatlarda və fikir yayındırmaqda görür”.
Elşən Musayev vurğulayıb ki, Azərbaycan dövləti sistemli və müdrik siyasətlə idarə olunan dövlətdir. Biz Ermənistandan fərqli olaraq populizmə deyil, reallığa, həqiqətlərə, ədalətə köklənmişik. Xaricdə yaşayan vətəndaşlarımız da dövlətin və Prezident İlham Əliyevin yanındadır. Erməni bax buna görə qıcıqlıdır. Həmrəyliyimiz, birliyimiz yağı düşməni özündən çıxarıb, eyforiya vəziyyətinə salıb. Fəqət, mənfur düşmən həmin qıcığın, eyforiyanın fonunda törətdiyi təxribatlarla heç nəyə nail ola bilməyəcək. Əksinə, daha da uduzacaq, özünü gözdən salacaq. “Ermənilərin bu tipli təxribatları, eləcə də terrorçu fəaliyyəti yeni deyil. 1970-1980-ci illərdə ASALA və digər erməni terror təşkilatları 70-dən çox insanı qətlə yetiriblər, ümumilikdə 22 ölkədə 235-dən çox terror aktı törədiblər, 24 türk diplomatını qətlə yetiriblər”, - deyən deputat bildirib ki, beynəlxalq ictimaiyyət ermənilərin yeni terror dalğasının qarşısını almalıdır.
O diqqətə çatdırıb ki, Azərbaycanın diplomatik nümayəndəliklərinin binalarına, eləcə də dinc azərbaycanlı nümayişçilərə qarşı törədilən təxribatlar cinayət məsuliyyəti doğuran əməllərdir. Azərbaycan dövlətinin əsas prioriteti öz vətəndaşını qorumaq və onun qeydinə qalmaqdır. Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqət və qayğı, onun bu istiqamətdə atdığı addımlar, verdiyi sərəncamlar da bir daha göstərir ki, dövlətimiz, nəinki ölkə daxilindəki vətəndaşlarımızı, həm də xaricdə yaşayan, fəaliyyət göstərən bacı-qardaşlarımızın taleyi üçün narahatdır.