SİYASƏT


Beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi

Bakı, 6 sentyabr, AZƏRTAC

Türkiyə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Silahlı Qüvvələrimizin formalaşmasına yardım göstərib. O zaman orduda kadr çatışmazlığı var idi. Sonrakı dövrdə də iki ölkə arasında hərbi-texniki sahədə əməkdaşlıq inkişaf etdi. Türkiyə Azərbaycanda kadrların hazırlanması, hərbi məktəblərin proqramlarının formalaşmasında böyük rol oynayıb. Hər il Azərbaycan və Türkiyə silahlı qüvvələri birgə hərbi təlimlər keçirirlər. Bu il də bu baxımdan istisna deyil.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Deputat bildirib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq iyulun 29-dan avqustun 10-dək ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilib: “Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib. Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçirilib. Təsadüfi deyil ki, Prezident İlham Əliyev avqustun 13-də Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, hərbi əməkdaşlıq baxımından bu təlimlərin çox böyük önəmi var, eyni zamanda, insanlar arasındakı əlaqələrin, xalqlar arasındakı qardaşlığın gücləndirilməsi üçün təlimlərin çox böyük əhəmiyyəti və faydası var”.

“İki ölkə arasında hərbi əməkdaşlıq baxımından perspektiv planlar da mövcuddur” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, buraya hərbi kadrların hazırlanması, maddi-texniki təchizat məsələlərindən tutmuş, müdafiə sənayesi sahəsində yeni birgə əməkdaşlığa qədər məsələlər daxildir: “Sirr deyil ki, Ermənistanın işğalı nəticəsində nəzarətdən kənar qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə məsələsi Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı üçün mühüm istiqamətlərdən hesab olunur. İki ölkə terrorizmdən əziyyət çəkməklə bu istiqamətdə ayrı-ayrılıqda və birgə mübarizənin bu günü və perspektivlərini həmişə diqqət mərkəzində saxlayır. Eyni zamanda, Ermənistan, Yunanıstan və Kipr arasında hərbi əməkdaşlıqla bağlı Azərbaycan narahatdır. Bu mənada, Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda bu yaxınlarda baş verən gərginlikdə Azərbaycan Türkiyəni dəstəkləyir. Prezident İlham Əliyevin Yunanıstan səfiri ilə görüşdə səsləndirdiyi fikirlərdən beynəlxalq ictimaiyyət növbəti dəfə Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq səviyyəsində olmasına şahidlik etdi. Dövlət başçısı tərəfindən həmin görüşdə səsləndirilmiş sözlər Azərbaycanın mövqeyini, gücünü və beynəlxalq münasibətlər sistemində yerini nümayiş etdirir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.