ELM VƏ TƏHSİL
Beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya elan olunub
Bakı, 5 may, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ABŞ-ın nüfuzlu ali təhsil müəssisəsi olan Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində həyata keçirilən “Təhsil və insan kapitalının inkişafı” ixtisası üzrə beynəlxalq ikili diplom proqramına müəllimlər üçün vakansiya elan edir.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, ali təhsilli, minimum magistr dərəcəsi (PhD arzuolunandır), müvafiq sahə üzrə 5 illik iş təcrübəsi, Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyətlərinə malik namizədlər riyaziyyat və statistika, təhsildə bərabərlik, müxtəliflik və inklüzivlik, təhsil psixologiyası, məlumat əsaslı qərarvermə üzrə [email protected] ünvanına mayın 15-dək müraciət edə bilərlər.
Qeyd edək ki, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində icra olunan beynəlxalq ikili diplom proqramı 2020-ci tədris ilindən həyata keçirilir. Proqramda tədris ingilis dilindədir.