ELM VƏ TƏHSİL
Beynəlxalq jurnalda azərbaycanlı mütəxəssislərin mobil hesablama buludlarına dair məqaləsi dərc olunub
Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov və institutun baş mütəxəssisi Oqtay Ələkbərovun həmmüəllif olduqları “Mobil hesablama buludlarında istifadəçi tələblərinə uyğun virtual maşınların seçilməsi alqoritmləri” adlı məqalə nüfuzlu “International Journal of Computers & Technology” jurnalında işıq üzü görüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə mobil bulud texnologiyalarının üstünlükləri və onlardan istifadə zamanı meydana çıxan problemlər təhlil edilib, iyerarxik strukturlu mobil hesablama buludların ikinci səviyyəsində “cloudlet”lər əsasında yaradılan şəbəkə infrastrukturu analiz edilib. Bum texnologiyalarından istifadə etməklə mobil avadanlığın hesablama və yaddaş resurslarına tələbatın təmin edilməsi məsələləri tədqiq olunub. Həmçinin istifadəçinin məsələsinin qoyulmuş vaxt müddətində həllini və digər tələblərini təmin edən virtual maşınların müəyyən edilməsi məsələsinə baxılıb. Bu zaman həlli nəzərdə tutulan məsələnin, virtual maşınların, istifadəçi ilə virtual maşınlar arasında rabitə kanallarının müxtəlif xarakteristikaları nəzərə alınıb.
“International Journal of Computers & Technology” jurnalı “Google Scholar”, “Crossref”, “Citefactor”, “WorldCat”, “Jifactor”, “Scribd” kimi elmi bazalarda indeksləşir və referatlaşdırılır.