ELM VƏ TƏHSİL
Beynəlxalq jurnalda elmi-innovativ texnoparklarda məhsul-xidmət istehsalı ilə bağlı məqalə dərc edilib
Bakı, 24 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əlövsət Əliyev və institutun əməkdaşı Roza Şahverdiyevanın həmmüəllifi olduqları “Elmi-innovativ texnoparklarda məhsul-xidmət istehsalı proseslərinin riyazi metod və modellərin tətbiqi” adlı məqaləsi “International Journal of Mathematical Sciences and Computing” (IJMSC) jurnalında nəşr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə elmi-innovativ texnoparklarda innovativ məhsul və ya xidmət istehsalı proseslərində riyazi üsul və metodların tətbiqinə həsr olunub. İnnovativ strukturların fəaliyyətində iqtisadi-riyazi modellər və metodların tətbiqinin zəruriliyi əsaslandırılıb. Texnoparkların effektiv idarə olunması, onun fəaliyyətinin qiymətləndirilməsi üzrə işlənilmiş göstəricilər və kriteriyalar sistemi haqqında məlumatlar verilib. Texnoparkların idarə olunmasının ümumi riyazi modeli təklif olunub. İnnovativ məhsul-xidmət istehsalının ekonometrik modeli işlənilib. Bundan başqa, məqalədə kompozit indikatorlar sistemi və kompozit indeks əsasında texnoparkın kompleks fəaliyyətinin müqayisəli qiymətləndirilməsi metodikası təklif olunub. İşlənilmiş metod və modellərin eksperimental realizasiyası nəticəsində texnoparkların fəaliyyəti qiymətləndirilib və müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, IJMSC jurnalı “Google Scholar”, “Academic Journals Database”, “CNKI Scholar”, “CrossRef” və s. kimi nüfuzlu elmi bazalarda indeksləşdirilir.