ELM VƏ TƏHSİL


Beynəlxalq kitab bağışlama günü uşaqlarda mütaliəyə maraq yaradır

Bakı, 14 fevral, AZƏRTAC 

Fevralın 14-də Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) dəstəyi ilə mütaliəni təbliğ etmək üçün Beynəlxalq kitab bağışlama günü münasibətilə aksiya keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri arasında kitab hədiyyə etmə aksiyası təşkil olunub, hər bir dərnək üzvü öz sevimli kitabını hədiyyə edib. Aksiyanın sonunda 900 ədəd kitab toplanıb. Toplanan kitablar Bakıdakı 1 nömrəli uşaq evinə, Xəzər rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Qala qəsəbə filialına, valideynləri tərəfindən tərk edilən uşaqlar üçün sığınacağa, Sabunçu rayonu Yeni Azərbaycan Partiyasının dəstəyi ilə 1 nömrəli tam orta internat məktəbinə, 10 nömrəli sanatoriya tipli internat məktəbinə və 11 nömrəli xüsusi internat məktəbinə bağışlanıb.

Beynəlxalq kitab bağışlama gününün ikinci hissəsi Mərkəzi Elmi Kitabxanada davam etdirilib.

Tədbirdə Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabların rolundan danışıb. Bildirilib ki, fevralın 14-ü xarici ölkələrdə 2012-ci ildən etibarən, uşaqlara kitab bağışlayan və onları oxumağa həvəsləndirən insanları birləşdirən Beynəlxalq kitab bağışlama günü kimi qeyd edilir. Bu tarix, xüsusilə də kitab oxumaq imkanı müəyyən səbəblərdən məhdud olan uşaqlara kitab hədiyyə etmək üçün əlamətdar gün kimi təqvimə daxil olub. Əsas məqsəd gənc nəslə mədəni xidmət göstərmək, kiçikyaşlı oxucuların mütaliəsinə düzgün yanaşmaq, məktəbli oxucuların mütaliə mədəniyyətini yüksəltmək, uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirməkdir.

Qeyd edilib ki, bu gün bütün dünyada milyonlarla kitabsevər bir-birini kitab hədiyyə etməklə təbrik edir. Kitab hədiyyə edən kəslər heç vaxt unudulmur. Beynəlxalq kitab bağışlama günü uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

Sonra mərkəzin üzvləri kitabxananın tarixi,burada mühafizə olunan fondlar, kitabxanada göstərilən xidmətlər, AMEA-nın təsisçiləri haqqında məlumatlarla, həmçinin oxu zalları, kitab axtarışı və sifarişi prosesləri, MEK-də mühafizə olunan uşaq ədəbiyyatı ilə tanış olublar.

İştirakçılara kitabxana tərəfindən oxu mədəniyyətini təbliğ edən “Açıq kitabxana” layihəsi, kitab hədiyyə aksiyası, MEK-in oxucularının dəyərləndirilməsi layihələri barədə məlumat verilib. Bildirilib ki, 18 yaşına çatmış bütün vətəndaşlar qeydiyyatdan keçərək MEK-in oxucusu ola bilərlər.

Sonda uşaq və yeniyetmələr arasında mütaliənin təbliği məqsədilə iştirakçılara MEK tərəfindən Azərbaycan, müasir və klassik dünya ədəbiyyatı nümunələri hədiyyə edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.