CƏMİYYƏT
Beynəlxalq konfransda “Avrasiya regionunda palliativ yardım təcrübəsi” mövzusunda müzakirələr aparılıb
Bakı, 23 oktyabr, AZƏRTAC
Ukraynanın İvano-Frankovsk şəhərində “Avrasiya regionunda palliativ yardım üzrə təcrübə mübadiləsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev və ilkin səhiyyənin təşkili şöbəsinin müdiri Lütfi Qafarov iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Avrasiya regionunda səhiyyə sisteminin bir hissəsi olan palliativ yardımla bağlı cari vəziyyəti və region ölkələrinin palliativ yardımın göstərilməsi sahəsində təcrübəsi, palliativ xəstələrin hüquqlarının qorunması, onlara fərdi formada dəstək verilməsi və xəstələr üçün ağrıkəsici dərman vasitələrinin təmin edilməsi mövzuları geniş müzakirə olunub.
Dünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların nümayəndələrinin iştirak etdiyi konfransda Avrasiya regionunda dərman siyasətinin balanslaşdırılması, uşaqlara palliativ qayğının tətbiq edilmə formaları, eləcə də palliativ yardımla əlaqədar digər məsələlərə həsr olunmuş təqdimatlar dinlənilib.
Konfransda ölkəmizin nümayəndələri çıxış edərək ümumrespublika və yerli səviyyədə palliativ və reabilitasiya xidmətlərinin yaradılması, onların təşkili və göstərilməsi üçün müvafiq qanunverici və normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair atılan addımlar haqqında tədbir iştirakçılarına məlumat veriblər.