ELM VƏ TƏHSİL
Beynəlxalq konfransda Azərbaycanda radonla bağlı aparılan tədqiqatların nəticələri müzakirə edilib
Bakı, 9 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) çöküntü hövzələrinin geokimyası və flüid dinamikası şöbəsinin rəhbəri, akademik Əkbər Feyzullayev və geoloji mühitin radiometriyası şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Əliyev İsveçrənin Luqano şəhərində “ERA Radon Week 2018” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak ediblər.
GGİ-dən AZƏRTAC-a bildirilib ki, alimlərin “Radon və uzunömürlülər (Azərbaycanın timsalında)” mövzusunda məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb olub. “Əsas məqsədimiz Azərbaycanda radon problemi üzrə aparılan tədqiqatların nəticələrinin müzakirəsi və gələcəkdə Avropa ölkələrinin təcrübəsindən istifadə etməklə bu tədqiqatların davamının planlaşdırılması idi”, - deyə alimlər bildiriblər.
Avropanın on beş ölkəsindən alimlərin qatıldığı konfransda yaşayış, ictimai və iş yerlərinin havasında radonun konsentrasiya səviyyəsinin yol verilən həddi üzrə normalar və radonla əlaqədar tikinti standartları, radon qazının geoloji şəraitlə bağlılığı, əhalinin radon təhlükəsi barədə maarifləndirilməsi məsələləri, qapalı yerlərdə radonun havadakı miqdarının azaldılması üçün həyata keçirilməli tədbirlər üzrə metodik tövsiyələr və s. müzakirə olunub.